Pandemiya ilə mübarizədə polis işçiləri ön cəbhədir

278

Sosialmedia.az bildirir ki, İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Bununla bağlı saytımıza açıqlama verən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə baş vermiş hadisədən təəssüflədiyin bildirib:

“Pandemiya ilə mübarizədə polis işçiləri ön cəbhədədir. Polis əməkdaşlarının fəaliyyətinə diqqət etsək, onlar da yoluxmağa ən yaxın peşə sahiblərindədir. Buna baxmayaraq, onlar sağlamlıların riskə ataraq, xidmətlərini layiqlə həyata keçirirlər.

C. Hüseynzadə bildirib ki, həmin hadisə ilə bağlı sosial şəbəkələrdə kifayət qədər məlumatlar paylaşılıb. Çox təəssüf ki, bəzi görüntülər kontekstdən çıxarılaraq, hadisənin müəyyən hissəsini əhatə etmişdir: “Hadisəni diqqətlə izlədikdə aydın olur ki, xüsusi karantin rejimini pozan şəxs polis əməkdaşının qanunu tələblərini yerinə yetirmək əvəzinə, əksinə hadisə yerindən uzaqlaşmağa cəhd göstərir. Sonradan saxlanılan şəxs eyni zamanda polis maşınına əyləşmək əvəzinə, yenə də güc tətbiq etməklə, polisin qanuni əmrlərinə tabe olmaqdan imtina edir. Sual olunur, polis bu halda nə etməlidi? Bu şəxs nümayişkaranə şəkildə qanunlara tabe olmaqdan imtina etmiş, cəmiyyətə açıq formada hörmətsizlik nümayiş etdirib.”

İctimai birlik sədri qeyd edib ki, çox təəssüf ki, bina sakinləri də vəziyyət ilə bağlı düzgün olmayan addımlar atdılar. Asayişi qoruyan, xüsusi karantin rejiminin tətbiqinə birbaşa cavabdeh olan polis əməkdaşlarına qarşı atılan bu addım yolverilməzdir.

“Bəziləri qeyd edir ki, vətəndaşlar eyvandan zibilləri polislərin üzərinə atıblar. Əksinə bu hərəkət atılan əşyanın nə olması baxımından qiymətləndirilməməli, məhz polisə xəsarət yetirməyə cəhd, onun qanuni fəaliyyətinə mane olmaq kimi qiymətləndirlməlidir. Bu hadisənin xüsusi karantin dövründə törədilməsi də məhz bu işin ağırlaşdıran hallardandır” – deyə Cəsarət Hüseynzadə əlavə edib.

Hadisənin baş verdiyi vaxt polis təmkinlik nümayiş etdirərək, vəziyyətin inkişaf etməməsi üçün adekvat tədbirlər görməmişdir: “Eyni zamanda ölkəmizdə qanunların aliliyinin təmin olunması baxımdan, aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.”

Yayılan videolardan da polis tərəfindən aparılan əməliyyat çərçivəsində yaşlı insanlara qarşı həssas yanaşmanın göstərilməsi də müşahidə olunduğunu vurğulayan Cəsarət Hüseynzadə qeyd edib ki, eyni zamanda nəzərə almaq lazımdır ki, bu əməliyyat tədbiridir və əməliyyat qısa müddətdə icra olunmalı idi. Çünki bu işin arxasında, ehtimal olunmayan hər hansı prosesin də mümkünlüyün inkar etmək olmaz.

QHT sədri hadisənin Yasamal rayonunda baş verdiyinə də xüsusi diqqət çəkib: TƏBİB-in yaydığı statistikadan da məlum olur ki, Bakı şəhərində koronavirusa yoluxma halları ən çox Yasamal rayonunda (12,7%) qeydə alınıb. Belə şəraitdə rayon sakinləri karantin rejiminə ciddi riayət etməli, eyni zamanda polis orqanları da xüsusi karantin rejiminə əməl olunmasına xüsusi diqqət yetirməlidir.

C. Hüseynzadə qeyd edib ki, COVİD 19-a yoluxmanın qeydə aldığı ilk günlərdə bir çox şəxslərin bu virusun olması ilə, bağlı şübhələri var idi. Çox təəssüf ki, həmin şəxslərin bəziləri artıq qohumlarının və tanışlarının bu virusa yoluxduğu ilə bağlı məlumatlar yayır: Vəziyyətin gərginliyini almaq lazımdır. Artıq bəzi dövlətlərdəki çıxılmaz vəziyyət göz önündədir. Səbir nümayiş etdirmək, özümüzü qorumaq üçün tövsiyə olunan gigiyenik qaydalara, xüsusi karantin rejimin tələbəlinə əməl etmək vacibdir. Anlamaq lazımdır ki, dövlət bu addımları vətəndaşlarının sağlamlığının qorunması üçün məcburiyyətdən atır.