Brayzanın Qarabağ təklifi

222

Nəzəri baxımdan Metyu Brayzanın fikirləri Qarabağ münaqişəsinin həllində əsaslı dönüş yarada bilər, lakin diplomatik müstəvidə mümkün görünmür.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Metyu Brayzanın Ankara və Moskvanın diplomatik vakuumu doldura biləcəyi və bunun sayəsində iki tərəfi danışıqlar masasına oturdacağı fikri mübahisəlidir:

“Bu, əslində, Türkiyənin münaqişənin həllində vasitəçi qismində iştirakının nə dərəcədə vacib olduğunu göstərir. Çünki faktiki olaraq nə ABŞ, nə Fransa, nə də Rusiya tərəfsiz mövqedən çıxış edir. Xüsusilə Fransa və Rusiya Ermənistandan yana mövqe sərgiləyir. Türkiyənin həmsədr dövlət olması isə şübhəsiz, münaqişənin həllində müsbət bir nəticə əldə edilməsinə gətirib çıxaracaq”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud beynəlxalq vasitəçilik mexanizmini dəyişdirmək məsələsi uzun müddətdir gündəmdədir:

“Çünki münaqişənin həlli istiqamətində həmsədrlərin fəaliyyəti yarıtmazdır. Azərbaycan bununla heç cür barışa bilməz. Rəsmi İrəvan bir qayda olaraq münaqişəni gərginləşdirməyə çalışır. Lakin həmsədrlər Ermənistanın bu və digər təxribatlarına qarşı effektiv addım atmırlar. Həmsədrlərin münaqişəyə yanaşması heç bir siyasi məntiqə sığmır. Əgər biz bu gün vasitəçilikdən söhbət ediriksə, bu, son dərəcə taraz və balanslaşdırılmış olmalıdır. Hazırkı mexanizm bizi qane etmir”.