30 il gözlənilən Zəfər

154

Düz 30 il o Zəfəri gözlədik…

Qarabağsız Azərbaycan bu qədər yaşıllığın içində, Xəzərin sahilində bağrı cadar-cadar olan boz torpağa bənzəyirdi…

Bir əsrdə 2 dəfə dövlət quran quzey azərbaycanlılar miskin xalqı xatırladırdı…

Hər gün içimiz qan ağlayırdı… Şuşa qanı, Laçın qanı, Kəlbəcər qanı, Ağdam qanı, Xocalı qanı… İçimiz kimi torpağımız da qan ağlayırdı…

İşğal 28 il idi bizi dövlət olaraq, millət olaraq yıpradırdı…

Biz indi o dövlət deyilik…

Biz indi o xalq deyilik…

Bir ovuc erməninin əlində yesir qalmadıq, nəhayət ki..!

Gün-gün, ay-ay, il-il təxribatları çoxalırdı.

Qarabağdan, Naxçıvandan, Tovuzdan, Qazaxdan sərhəd təxribatları artırdı. Azərbaycanı 90-cı illərin Azərbaycanı, özlərinin dayaqlarını möhkəm, sarsılmaz hesab edir və yeni torpaq işğalının xəyalını qururdular.

Paşinyan da sələfləri – faşist Köçəryan və Sarkisyandan fərqli deyildi. 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülhdən birmənalı imtina etdi.

Azərbaycan Prezidentinin elə həmin ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubundakı “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını anlamadı.

2016-cı ilin 4 günlük Aprel müharibəsi dərs olmamışdı…

Qanmadılar…

Anlamadılar ki, bir daha təxribata yol versələr, faşist xislətindən imtina etməsələr, yerlə yeksan olacaqlar.

2020-ci ilin iyulunda növbəti dəfə təxribat törətdilər…

Tovuzdan Azəraycanın dövlət sərhədinin pozulması planını işə saldılar.

2016-cı ilin aprelində bir generalımızı öldürmək arzusu ürəklərində qalmışdı, 2020-də xarici və xaricə işləyən düşmənlərin hesabına General Polad Həşimovu şəhid etdilər.

Amma sən saydığın say… Fələk kimi Azərbaycan ordusu nə sayır, Azərbaycanın Ali Baş Komandanı nə sayır…

Yüz minlər küçəyə axışdı… Şəhid Generalını dəfn etdi..

Hər kəsin içində döyüşmək, bu amansız, qaniçən düşməndən qisas almaq arzusu alışıb-yanırdı…

27 sentyabrda növbəti təxribat, bu dəfə bütün cəbhə boyunca…

Ali Baş Komandan orduya əks-hücum əməliyyatı əmri verdi…

Elə o gündən torpaqlarımızın azad olunmasına başlandı…

İlk günlərin əks-həmlə əməliyyatı Vətən müharibəsinə çevrildi…

“Dəmir yumruq” işə düşdü və hər gün, hər saat, hər saniyə qəvi düşmənin başına endi…

Zəfərə qədər, Zəfər Gününə qədər!

Xalq bir oldu. Haqlı olaraq, Prezident İlham Əliyevin qətiyyətinə, iradəsinə güvəndi. Onun müharibəni qələbəyə qədər aparacağı ilə bağlı müraciəti Azərbaycanda milli birlik və siyasi həmrəylik yaratdı. Siyasi düşüncəsindən, baxışından asılı olmayaraq hər kəs Prezidentin ətrafında birləşdi. Azərbaycanın siyasi qüvvələri vahid bir cəbhədə birləşərək, Azərbaycan Ordusuna, Ali Baş Komandanın bütün çağırışlarına, təşəbbüslərinə dəstək verdi və 28 illik işğala qarşı başlayan Vətən müharibəsində dövlətin yanında yer aldılar.

Məğlub olan düşmən isə son nəfəsində yenə öz xislətini göstərir, dinc insanları, uşaqları, qadınları, qocaları qətlə yetirmək, terror törətməklə Azərbaycanı geri çəkilməyə məcbur etməyə çalışırdı. Tərtər, Ağdam, Naftalan, Bərdə, Ağcabədi, Beyləqan, Daşkəsən, Goranboy rayonlarını və kəndlərini ağır artilleriyadan, “Toçka U”, “İskəndər”, “Elbrus” ballistik raketlərindən, istifadəsi qadağan edilmiş “Smerç” kasetli raketlərindən atəşə tuturdu. Hədəf seçilən yaşayış məntəqələri arasında Gəncə şəhəri, Mingəçevir su anbarı xüsusi yer tuturdu.

Lakin bu dəfə qətiyyət və iradə vardı!

Azərbaycan ordusunun möhtəşəmliyi qarşısında düşmən aciz durumdaydı…

*
Vətən müharibəsinin nə vaxtsa olacağını və torpaqlarımızın azad olunacağını bilirdik. Amma bu “nə vaxtsa” idi… Bildiyimiz bura qədərdi…

Etiraf edək ki, bu tezliklə Vətən müharibəsinin başlamasını gözləmirdik. Siyasi gedişləri, kadr dəyişikliklərini, “5-ci kolon”un siyasi olimpdən uzalaşdırılmasını son nəticədə müharibəylə bağlamaq təxminləri olsa da, gözləmirdik, bilmirdik…

Nə vaxt, necə, hansı nəticəylə olacağından çoxumuzun xəbəri yox idi…

Müharibə riskdir. Arxasında dünyanın böyük gücləri duran bir xalqla, bir FORPOST ölkəylə müharibə aparmaq daha böyük riskdir.

Prezident İlham Əliyev isə hər şeyi siyasi ustalıqla dəqiq hesablamışdı…

44 günlük müharibə göstərdi ki, hər addım zərgər dəqiqliyi ilə hesablanıb…

Ermənistanın havadarları ilə birgə 4 ilə işğal etdikləri torpaqları 44 günə geri aldıq. Hər gün Ali Baş Komandanın Azərbaycana xalqına qələbə hədiyyəsi oldu…

Azad olunan ərazilərlə bağlı “tvitlər”…

Zəfər “tviti” gözlədik və nəhayət oldu!

8 noyabrda Şuşa azad edildi!!!

Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyababından Azərbaycan xalqına Şuşanın azad olunması xəbərini elan etdi:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşa azad edildi…

Şuşanın azad olunması dünya hərb tarixinin ən mükəmməl səhifəsdir.

Ermənistanın özündə də belə etiraf edirlər ki, bu, ağılasığmayan hadisəydi. Əlbəyaxa döyüşlə, silah-sursatları daşıya-daşıya, dumanda, əlverişsiz hava şəraitində sıldırım qayaları keçərək, PUA-larsız, tanksız, artilleriyasız Şuşa azad edildi. Dünya mediası bu əməliyyatı möcüzə adlandırır.

Bir dövlət olaraq sonunun çatdığını anlayan Ermənistan noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu məğlubiyyət “Böyük Ermənistan” ideologiyasının birdəfəlik sonu idi…

Şəhidlərimizin qanı, qazilərimizin igidliyi ilə “Böyük Ermənistan” mifi bitdi…

Bizə Zəfər yaraşırdı!

Azərbaycan ordusunun qüdrəti, xalqın birliyi, Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti ilə bu Zəfəri qazandıq!

Zəfərin mübarək, Vətən!

Zəfərin mübarək, Azərbaycan əsgəri!

Zəfərin mübarək, Ali Baş Komandan!

Rəfail Becanov,
“Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru