Liftlərin yenilənməsində ayrı-seçkilik: Vətəndaş hüquqlarının pozulması

131

SSRİ dövründə tikilən kooperativ binaların varislik hüququ müvafiq qaydada rayon icra hakimiyyətlərinə, onların tabeliyindəki mənzil-istismar sahələrinə aiddir. Bu baxımdan sovetlər dönəmində paytaxtda inşa edilən kooperativ binaların varislik hüququ da bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə, onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı departamentinə ötürülüb.

Prezident İlham Əliyevin “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncama uyğun olaraq Bakı şəhərində istismar müddəti başa çatmış liftlər yenisi ilə əvəzlənir. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanıb, yüzlərlə müasir lift alınaraq ölkəmizə gətirilib. Həmin liftlər 2019-cu ildən başlayaraq paytaxtın müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb.

Dövlət və ictimai mənzil fondu

Təəssüf doğuran hal bundan ibarətdir ki, çoxmənzilli binalarda liftlərin yenilənməsi zamanı ayrı-seçkiliyə yol verilib.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Yalnız Bakı Şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan dövlət yaşayış fonduna aid binalardakı köhnə liftlər yenisi ilə əvəzlənib. Həmin liftlərin texniki istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatlarına, liftlərin texniki xidməti və təmiri isə müqavilə şərtləri əsasında “Lifttəmir” İstehsalat Birliyinə həvalə olunub. Lakin sovetlər dönəmində tikilən, kooperativ binalar kimi tanınan çoxmənzilli yaşayış evlərinin liftlərində hər hansı yenilənmə aparılmayıb. Bu barədə narazılığını ifadə edən vətəndaşlara açıq şəkildə bildirilib ki, dövlət balansında və ictimai mənzil fondunda olan evlərdən fərqli olaraq yüksək mərtəbəli kooperativ binalarda quraşdırılmış liftlər mənzil-tikinti kooperativlərinin (MTK) ümumi mülkiyyətində olduğundan, onların texniki xidmətinin təşkili və təmiri bilavasitə kooperativ üzvlərinin hesabına təmin edilir.

Vətəndaşların şikayətinə biganəlik

Halbuki o MTK-lardan indi əsər-əlamət yoxdur və sözügedən binalarda yaşayan sakinlər digər vətəndaşlar kimi aybaay lift pulu, həmçinin digər kommunal ödənişləri vaxtlı-vaxtında ödəyir, dövlət qarşısında öhdəliklərini yerinə yetirirlər. Buna rəğmən onların lift probleminə laqeyd yanaşılır. Problemi araşdırmaq, kooperativ binalarda yaşayan sakinlərin şikayətini aidiyyəti üzrə çatdırmaq üçün qəzetin əməkdaşı əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov mövzu ilə tanış olduqdan sonra vaxtilə vətəndaşlara bildirilən fikirləri şifahi şəkildə yenidən təkrarladı. Ardınca isə araşdırma aparmaq və yazılı məlumat vermək üçün bizdən bir neçə gün vaxt istədi. Onunla razılaşsaq da, ötən həftələr ərzində Bakı Şəhər İcra Hakimiyyətindən bu problemlə əlaqədar hər hansı məlumat əldə edə bilmədik.

Varislik hüququnu danmaq

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli mövzu ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, çoxmənzilli binaların, xüsusən də kooperativ binaların lift probleminin həll edilməsi sahəsində bərbad vəziyyət hökm sürür:

“Varislik deyilən hüquq mexanizmi var. Tutaq ki, SSRİ dövründə bir çox kooperativ binalar inşa olunub. Amma həmin o kooperativlər hələ sovetlər birliyi dağılmamışdan əvvəl öz varlığını başa vurub. Bir çox kooperativlər sonradan ləğv olunub. Müstəqilliyin yenidən bərpası nəticəsində tamamilə yeni iqtisadi sistemə – özəl sektora keçid etmişik. Bunun ardınca Bakı şəhərində, ümumilikdə regionlarda, əsasən, özəl sektora aid yeni binalar inşa edilib. Onların hər birinin kommunal texniki xidmətləri komendantlıq sistemi vasitəsilə tənzimlənir. Bu sıraya həm də liftlərin yenisi ilə əvəzlənməsi, onlara texniki xidmətin göstərilməsi aiddir. Həmin mənzil-tikinti kooperativləri vətəndaşlar qarşısında bu öhdəliyini yerinə yetirir. Lakin SSRİ dövründə tikilən kooperativ binaların varislik hüququ müvafiq qaydada rayon icra hakimiyyətlərinə, onların tabeliyindəki mənzil-istismar sahələrinə aiddir. Bu baxımdan sovetlər dönəmində paytaxtda inşa edilən kooperativ binaların varislik hüququ da bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə, onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı departamentinə ötürülüb”.

Problemdən yaxa qurtarmaq

Ekspertin sözlərinə görə, sovet dövründə mövcud olan bir çox kooperativlərin varislik hüququ müvafiq dövlət qurumlarına keçsə də, həmin qurumlar bunu danaraq vətəndaşlara xidmət göstərmirlər: “Bakı Şəhər İcra Hakimiyyəti deyə bilməz ki, SSRİ dövründəki kooperativ binalar bizim balansımızda deyil və onların lift təsərrüfatının yenilənməsi dövlət tərəfindən həyata keçirilə bilməz. Bu, sadəcə problemdən yaxa qurtarmaq, vətəndaşlarımızın yaşayışına, kommunal-sosial hüquqlarına hörmətsizlikdir, sözügedən hüquqların pozulmasıdır. Dövlət bilavasitə öz vətəndaşının xidmətlərini yerinə yetirən ali qurumdur. Vaxtilə dövlətin hansısa qurumu ləğv olunubsa, iyerarxik olaraq onun funksiyası, səlahiyyətləri müvafiq bir quruma, hansısa digər dövlət strukturlarına ötürülür. Bunun üçün ayrıca qanuna, Konstitusiya normasına ehtiyac yoxdur”.