Türkiyə seçkiləri: ABŞ seçkilərə əngəl törədir- Özəl

4404

Sosialmedia.az xəbər verir ki, bu gün tək Türkiyənin deyil, bütün dünyanın gündəmində Türkiyədəki Prezident seçkiləri var. Seçkilərdə Qərbin, o cümlədən Şərq ölkələrinin öz maraqları var. Söhbət ondan gedir ki, hər kəs öz maraqlarını hakimiyyətə gətirmək istəyir. Sirr deyil ki, Qərbin marağı hazırkı Ərdoğan hakimiyyətinin devrilməsidir.

Bu, həm Türkiyənin dünyadakı gücünü, nüfuzunu aşağı salacaq, həm də Qərb hesab edir ki, Ərdoğan hakimiyyəti devrilərsə, Türkiyə dünya gücü olmaq istiqamətindəki geosiyasi maraqlarından əl çəkəcək.

Bu baxımdan seçkilərdə əsas aktivliyi Amerika Birləşmiş Ştatları (ABŞ) edir. ABŞ konkret olaraq Türkiyədəki seçki prosesinə əngəl törətməyə çalışır. Müdaxilələr birbaşa olaraq üçüncü ölkələr üzərindən aparılır və bu da ictimai-siyasi kəsim vasitəsilə həyata keçirilir.

Bu gün Türkiyə seçkiləri Azərbaycanda da ciddi müzakirələrə yol açıb. Sosial şəbəkələrdə insanlar iki yerə bölünüb. Doğrudur, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyənlər çoxluq təşkil edir, amma müxalif cameə digər namizəd Kamal Kılıçdaroğluna dəstək verir. Artıq bu proses sosial şəbəkə üzərində qarşıdurma vəziyyətə keçib. Bu isə heç də yaxşı tendensiya deyil.
Azərbaycan müxalifətində Kılıçdaroğluna dəstək verənlər isə açıq şəkildə Ərdoğana qarşı təbliğat aparır. Bu təbliğatın isə arxasında ABŞ dayanır. ABŞ mərkəzli beynəlxalq təşkilatların təşkilatçılığı ilə aparılan proses faktiki olaraq xoş olmayan mənzərə yaradıb.

Təsadüfi deyil ki, ABŞ-ın Türkiyədəki seçkilərə müdaxilə etməsi ilə bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu da açıqlama verib.
“ABŞ bu seçkilərə müdaxilə edir. Bunu bu ölkədə artıq hər kəs bilir, bunu ABŞ Prezidenti özü deyir. Muharrem İncəyə hücum… Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. Bu ABŞ-nin işidir. Cənab Bayden son günlər öz insanlarını Türkiyədə aktivləşdirib”, – deyə Soylu qeyd edib.

Maraqlısı odur ki, ABŞ seçkilərə müdaxiləni üçüncü ölkələr üzərindən də edir. ABŞ mərkəzi təşkilatların tapşırıqları ilə işləyən müxalifətin də aktivləşməsinin səbəbi məhz budur.

Xatırladaq ki, Türkiyədə Prezident seçkilərinin ikinci turu 28 mayda baş tutacaq. Birinci turda isə nəticələr belə idi: Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrəm İncə isə 0,43 faiz səs alıb.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.