MMU-nun nümayəndə heyəti tələbələrlə görüşüb-Özəl

261

Sosialmedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin fəaliyyət planına uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə keçirilən görüşlər davam edir.

Plana əsasən, Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, tələbələrlə görüşüb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

AzMİU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər də müzakirə olunub.