Suraxanı rayonunda fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb-Özəl

633

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən alkoqolsuz içkilərin emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı məlum olub. Eyni zamanda şadlıq saraylarından geri yığılmış butulkaların yuyulduqdan sonra istifadə olunduğu müəyyən edilib. Sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən məhsulun göstəricilərinin texniki normativ hüquqi sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.