“Vətənə qulluğum hərbidə yarımçıq qalsa da, idman arenalarında bunu davam etdirirəm…”

357

“İdmançı olduğum üçün yaşıdlarımdan seçilirdim və məni Xüsusi Təyinatlı Dəstəyə seçdilər”sayt xəbər verir ki, bunu “Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə Əməkdar idman ustası, Qarabağ qazisi İlham Zəkiyev deyib. İ.Zəkiyev ölkəmizin bütün sahələrində inkişaf olduğunu bildirib: “İlk öncə istəyirəm özüm haqqında məlumat verim. Mən Zəkiyev İlham 1980-ci il martın 3-də Sumqayıt şəhərində dünyaya göz açmışam. Uşaqlıqdan idmana həvəsim olub, məşğul olmuşam. Qısa müddətdə respublikadaxili uğurlarım olub. 1998-ci ildə hərbi xidmətə çağırıldım. İdmançı olduğum üçün yaşıdlarımdan seçilirdim və məni Xüsusi Təyinatlı Dəstəyə seçdilər. 1999-cu ildə Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim və güllə sol gicgahımdan daxil olub, sol gicgahımdan çıxdı. Beş gün komada qaldım, həkimlər hətta valideynlərimə bildirmişdilər ki, hazırlaşın, İlham öləcək. Lakin beş gün sonra anamın səsinə komadan ayıldım, amma anamı görə bilmədim. Məlum oldu ki, yaralandığım üçün görmə qabiliyyətimi tamam itirmişəm. Evimizə birinci qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım. Azərbaycanda uzun müddət müalicələrdən keçdim, həkimlər mənim görmə qabiliyyətimi qaytara bilmədilər. Amma ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsində mən də 2002-ci ildə Paralimpiya Hərəkatına qoşuldum və Azərbaycanda ilk paralimpiyaçı oldum, Afinada cüdo idman növü üzrə ölkəmizi təmsil etdim. 2004-cü ildə çempion olarkən Azərbaycanın bayrağı altında himnimiz səslənəndə özümü çox xoşbəxt hiss edirdim. Paralimpiya oyunlarında Pekində çempion oldum. Londonda bürünc medal qazandım. Bununla bərabər yeddi dəfə Avropa çempionu və iki dəfə dünya çepmionu olmuşam. Bu qazandığım uğurlara görə dövlət tərəfindən dövlət mükafatları, fəxri adlar , orden və medallarla təltif olunmuşam. Azərbaycanda olan inkişaf təkcə idman sahəsində deyil, bütün sahələrdə göz qabağındadır. Bu gün bunun bariz nümunəsidir ki, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi” Bakıda keçirilir. Mənim Azərbaycana qulluğum hərbidə yarımçıq qalsa da, idman arenalarında bu qulluğu davam etdirirəm. Hər dəfə Azərbaycanımızın bayrağı qalxanda və himni səslənəndə özümlə fəxr edirəm. İnşallah növbəti hədəfimiz 2020-ci ildə Azərbaycanı Tokioda layiqincə təmsil etməkdir”