Səhiyyə Nazirliyi və Respublika Endokrinoloji Mərkəzi böyümə hormonu (somatotrop hormon) çatışmazlığı olan uşaqlarla bağlı proqram üzərində işləyir.
Bu barədə SosialMedia.az-a Respublika Endekrinloji Mərkəzin həkim-endekrinoloqu Nərmin İsmayılova bildirib. Onun sözlərinə görə, hələ ki, proqram üzərində iş gedir. Əgər proqram təsdiqlənsə, boy hormonu çatışmazlığı olan uşaqlar pulsuz dərmanla təmin edilə bilər: “Burada məqsəd 14 yaşına qədər boy hormonu çatışmazlığı olan uşaqların dərmanla təmin edilməsidir. Bu hormonun qiyməti baha olduğuna görə, bütün uşaqların təmin olunması problemi var”.
N.İsmayılovanın sözlərinə görə, uşaqlar pediatr-endokrinoloq tərəfindən yoxlanılır və onlara somatotrop hormon çatışmazlığı diaqnozu qoyulur:
Fizioloji cəhətdən düzgün qidalanmayan uşaqlar var ki, onların boyları normadan aşağı olur. Ata-anada balaca boyluluq ola bilər ki, uşağın boyunun qısalığı da buna bağlı olsun. Yaxud da digər genetik xəstəliklərlə bağlı da ola bilər. Son 6 ayda somatotrop hormon çatışmazlığı diaqnozu olan 125 uşağı nəzarətə götürmüşük ki, onlar boy hormonu ilə təmin olunsun”.