Bakıda əlilliyi olan gənclərlə sosial işin təşkilinə dair beynəlxalq konfrans keçirilir

222

Bakıda “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı iki günlük beynəlxalq konfrans keçirilir

Bakıda “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı iki günlük beynəlxalq konfrans keçirilir.

SosialMedia.az-ın məlumatına görə, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri iştirak edirlər. Konfransda əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası, MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti müzakirə olunur.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, əlilliyi olan insanlarla işin qurulması hər bir cəmiyyət üçün aktual olan mövzudur: “Nazirlik tərəfindən keçirilən “Şərq nağılı” festivalında əlilliyi olan gənclərin potensialının üzə çıxarılmasına şərait yaradılıb. Biz əlilliyi olan insanlarla bağlı müxtəlif yarmarkalar, dəyirmi masalar, konfranslar keçiririk. Çalışırıq ki, beynəlxalq tədbirlərdə əlilliyi olan gənclərimiz də təmsil olunsun. Onların Rusiya, Gürcüstan kimi ölkələrin müxtəlif təhsil ocaqları ilə əlaqələrinin qurulmasına şərait yaradırıq. Əlilliyi olan gənclərin asudə vaxtını təşkil etmək, ictimai həyatda iştirakına şərait yaratmaq və s. yalnız Gənclər və İdman Nazirliyinin üzərinə düşən məsələ deyil. Digər aidiyyəti qurumlar, ictimai təşkilatlar, beynəlxalq qurumlarla birgə çalışırıq ki, bu cür konfranslar vasitəsilə əməkdaşlıq, fikir mübadiləsini təmin etmək mümkün olsun”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, bütün dünyada orta əlillik göstəricisi 15, Azərbaycanda isə 6,4 faizdir: “Gənclər arasında bu göstərici illər keçdikcə daha da azalır. Çünki əlil uşaqların doğulmasının, istehsalat qəzalarının qarşısının alınması istiqamətində işlər görülür. Digər əsas məsələ əlilliyi olan şəxslərin reabilitasiyasıdır. Bu işə də ölkəmizdə ciddi yanaşılır, bir çox qanunlar qəbul edilir”. Hadı Rəcəbli bildirib ki, əlilliyi olan olimpiyaçılar haqqında qanunla bağlı bir çox müzakirələr aparılıb və sonda qəbul edilib.

Komitə sədri qeyd edib ki, dövlət başçısı bu cür insanların sosial müdafiəsini təşkil etməklə bağlı iki qanun imzalayıb və onların müavinətləri 70 faiz artırılıb: “Ali təhsil alan əlil gənclərin təhsil haqqı ödənişi bu ildən dövlət tərəfindən həyata keçirilir. Bu cür tələbələrin sayı 8000-dir. Hazırda I və II qrup Qarabağ müharibəsi əlillərinin ailələrinin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinin daha da genişləndirilməsi istiqamətində iş aparılır”.

Qeyd edək ki, “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilatçıları Gənclər və İdman Nazirliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur (HƏDF). Konfrans çərçivəsində plenar iclas, bölmələr üzrə açıq müzakirələr, Azərbaycan rəsmiləri ilə görüşlər, əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinə səfərlər və mədəniyyət proqramının keçirilmə