İnzibati dövlət qulluğu vəzifələrinə işə qəbul üzrə test imtahanı keçiriləcək

113

Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 16-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Mərkəzdən SosialMedia.az-a verilən xəbərə görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat fevralın 6-sı saat 18:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.