Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib, Prezident iclasda iştirak edib – YENİLƏNİB-1

185

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.

SosialMedia.az xəbər verir ki, Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür etdi. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söylədi.

Prezident İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açdı. Prezident İlham Əliyev dedi ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğuladı.

***

13.31

Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev nitq söyləyib.

***

10.56

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.

SosialMedia.azın məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

İclasda Dövlət Himni səsləndirilib.

İclas Milli Məclisin deputatı Ziyad Səmədzadənin sədrliyi ilə keçirilir.

İclasda təşkilati məsələlərə baxılır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.