Biri deyir geyin, biri deyir geyinmə – o bizi koronavirusdan nə qədər qoruyur?

328

Soyuqdan qorunmaq üçün, mətbəxdə istifadə olunan, hətta döyüş əlcəklərini belə görmüşdük. Amma ağlımıza gəlməzdi ki, bir gün hansısa, virusdan qorunmaq üçün uşaqlıqda qorxu ilə xatırladığımız həkimlərin əlcək və maskalarını özümüz də geyinməli olacağıq. Bəli, pandemiya həyatımıza bir çox yeniliklər gətirdi. İpə-sapa yatmayan bir çox insanlar belə, qoyulan qaydalara riayət etməli oldular. Maska taxmaq, əlcək geyinmək mədəniyyəti formalaşdı.

Hə, hələ sizə dəblə ayaqlaşan, bəzədilmiş əlcəklərdən demirəm. Bəli, bəli düz oxuduğunuz. Naxışlı, qaşlarla bəzədilmiş rəngarəng maskalar kimi əlcəklər də var. Həm də tibbi əlcəklər. Təbii ki, bu əlcəklərə daha çox göz önündə olan insanlar üstünlük verir.

Göz önündə olan demişkən, ağlımıza Sevil-Sevinc bacıları gəldi. Karantin dövrünü evdə keçirən məşhur bacılar sosial şəbəkədə koronavirusdan qorunmaq üçün tövsiyəli paylaşımlar edirdilər.

SosialMedia.az -ın suallarını cavablandıran bacılar daimi olaraq maska və əlcəkdən istifadə etdiklərini söylədilər:

“Maska kimi əlcəkdən də istifadə etmək vacibdir. Xüsusilə də marketlərə getdikdə. Bununla yanaşı, aldıqları ərzaqları 6 saat açıq eyvanda saxlamalarını məsləhət görərdik. O ki, qaldı bəzəkli əlcəklərə yaxud maskalara axı biz podiuma çıxmırıq ki, onları geyinək. Əsas məqsəd sağlamlığı qorumaqdırsa, bunu elə sadə və rahat olanı ilə də etmək olar. Əlcəyin bəzəkli, güllü-çiçəkli olması insanı virusdan qorumur”.

Məşhur bacılara hardasa haqq qazandırırıq. İndi bir məsələ də var. Əvvəllər adi soyuqdəyməyə görə, maska taxan adamlara lağ edən hər bir kəs bu gün heç bir xəstəliyi olmasa belə, maska və əlcək geyərək özünü gözə görünməyən virusdan qorumağa çalışır. Baxmayaraq ki, əlcəklər məcburi deyil.

Bəs onda baxaq görək əlcək geyinmək vacibdirmi? Və nə vaxta qədər geyilməsi tövsiyə olunur? Axı havalar hər gün bir az isinir və belə isti havalarda əlcək geyinmək əsil zülmə çevrilir. Ümumiyyətlə, tibbi əlcəklərin neçə növü var? Marketlərdə satılanlarla, aptekdə satılanların fərqi nələrdir? Əlcəklərin içində ağ unabənzər maddənin olması nə üçündür?

Bu qədər suallara cavab axtaran SosialMedia.az -ın əməkdaşı tibbi əlcəklərlə bağlı maraqlı araşdırma aparıb. Əldə etdiyimiz məlumatları sizlərlə də bölüşürük. Həmsöhbətimiz infeksionist-hepatoloq Vüsalə Yaşar tibbi əlcəklərin adi insanlar tərəfindən istifadə edilməsini doğru hesab etmir:

“Tibbi əlcəklər adından da göründüyü kimi tibb personalı üçün nəzərdə tutulub və tibbi prosedurlar zamanı istifadə olunur. Onu insanların çöldə geyinməyinə heç bir ehtiyac yoxdur. Digər bir izahını da verim ki, bu əlcəkləri geyən zaman insanlarda saxta rahatlıq hissi yaranır. Və insan düşünə bilər ki, mən qorunuram, virusa yoluxa bilmərəm. Lakin xatırladım ki, bu virus kirli əllərimizin gözlərimizə, ağzımıza, ümumiyyətlə, selikli qişaya toxunması yolu ilə yoluxur. Məsələn, əlimizə əlcək taxmışıq və müxtəlif yerlərə toxunmuşuq. Daha sonra qeyri-iradi olaraq həmin əllərlə gözümüzə yaxud ağzımıza toxunuruq. Belə olduğu halda, biz virusa yoluxmuş oluruq. Əlimizdə əlcək olmayanda isə artıq beynimizə siqnal gedir və biz tez-tez əl gigiyenasına riayət edərik. Virusa yoluxmamaq üçün əlcək geyinmək əvəzinə əlləri tez-tez yumaq tövsiyə olunur. Əllərin yuyulmasını əvəz edəcək heç bir gigiyenik prosedur yoxdur. Sadəcə əlləri sabunla yumaq. Burada sabunun da bir önəmi yoxdur. İstənilən sabunla əlləri yuyub, bol suda yaxalamaq sizi təkcə koronavirusdan yox, tutula biləcəyiniz bütün viruslardan qoruyacaq. Bilirəm ki, oxucularda çaşqınlıq yaranacaq. Biri deyir əlcək geyinin, biri deyir geyinməyin. Amma mən onu deyim ki, inanın ki, tibbi savadı olan hər bir kəs bilir ki, əlcəklər virusdan qorumur. Biz virusun yoluxma yollarını və ondan qorunma qaydalarını bilirik. Virus hava-damcı yolu ilə keçdiyinə görə maska taxmaq tövsiyyə olunur. Əlcəyin geyinilməsi nə əvvəl, nə indi, nə də bundan sonra tövsiyə olunmur.

Əlcəklərin içində olan ağ unabənzər maddənin olması onu rahat geyinmək üçündür. Bu bütün əlcəklərdə olmur. Çünki allergiyası yaxud digər dəri problemləri olan insanlar belə əlcəklərdən istifadə edərsə dərisində qıcıqlanma yarana bilər. Bu da mövcud problemi daha da kəskinləşdirə bilər”.

Vüsalə xanımla olan söhbətimizdən sonra üz tutduq apteklərə. Axı hamıya maraqlıdır ki, mətbəxdə istifadə olunan əlcəklərin tibbi əlcəklərdən fərqi nələrdir? Qiymətində fərq olan əlcəklərin keyfiyyətində də fərq varmı? Əczaçı Yunis Abdullayev suallarımızı cavablandırdı.

“Əlcəklər hələ də alınır. Düzdü əvvəl daha çox alınırdı. İndi isə sadəcə ehtiyat edənlər alır. Əlcəklərin pudralı-pudrasız olmasına görə qiyməti 17-20 qəpik arasında dəyişir. Mətbəx əlcəkləri ilə tibbi əlcəklər də bir-birindən elə istifadə olunduğu yerə görə fərqlənir. Mətbəx əlcəkləri qalın olur və onları elə mətbəxdə istifadə üçün alınır”.

Beləliklə, son gəldiyimiz nəticə budur ki, özümüzü viruslardan qorumaq istəyiriksə, gigiyenik qaydalara düzgün riayət etməliyik. Əks halda heç bir əlcək bizi viruslardan qoruya bilməz.