Babalar hər zaman uca olurlar- Mətanət Əsgərqızı

374

Dövlət babadır.Babalar hər zaman uca olurlar.Övladı nanəcib, tərbiyəsiz ola bilər, amma Dövlət baba öz böyüklüyünü göstərməlidir. Bakının Yasamal rayonunda vətəndaş- polis qarşıdurmasında barışdlrıcı mövqe tutub tərəflərin əsəblərinin sakitləşməsini gözləmədilər. Əmr verildi.

Ən sərt şəkildə cəzalansınlar… Bu əmrin məsuliyyəti və nəticələri düşünülmədi. Səhər saat 7- də evə soxulub adamları alt paltarında rəzil günə qoydular. Rəzil olan təkcə həmin şəxs idi? Yox, vətəndaşa dövşan deyən, alt paltarında evdən çıxaran da həmin aqibəti yaşadı. Qazanan olmadı. Amma ortada Dövlət babaya inam itdi. Qanuna riayət etməyən vətəndaş cəzalanmalıdır. Amma bir şərtlə, cəza növü ona tətbiq ediləndə bilsin ki, bunu bir daha etmək olmaz. Lakin adamı tumanda hamının gözü önündə sürüyəndə zaman olacaq o, bunun əvəzini hansı cürəsə çıxaracaq.

Aqressiyası cəmiyyətə tuşalanacaq. Bu çox təhlükəlidir. Qanunu pozan vətəndaşlara haqq qazandırmıram.Amma qanunu qoruyacaq qurumun da davranışına haqq verə bilmirəm. Cənablar, bəlkə papağınızı qarşınıza qoyub düşünəsiniz, günlərlə ayaqda qalıb vətəndaşın, asayışin keşiyini çəkərək yuxusuz qalan Azərbaycan polisini gözdən, könüldən salan hansı qüvvələrdir?
Bir gün öncə Himn səslənəndə təzim etdiyinə görə qürur duyduğumuz bizim polisimiz idi. 102- yə zəng edib çörək istəyən vətəndaşımıza öz ərzaqını verən də mənim polisim idi! Allah heç kimi gözdən, könüldən salmasın.Etibarın bərpa olunması uzun çəkir.

Bəzən də inam geri qayıtmır. Bəlkə “sən dovşansan” deməkdənsə, “qorxmayın , yanınızdayıq, bizə güvənin ” demək daha yaxşı olardı.Bəlkə də onlara ” bu formanı geyinən sənin doğman olsaydı, ona zibil atsaydılar nə edərdiz?” deməklə ictimai qınaq daha yaxşı olardı… olan oldu, bundan sonra yanlışlıqlarımızdan nəticə çıxaraq. Bacarsaq!

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı