Bəsti Nəsibova: 15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixinin şanlı səhifəsidir

275

15 İyun Milli Qurtuluş günü Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hərc-mərclik, xaos artırdı. Ölkədə hakimiyyət boşluğu yaranmışdı. Belə bir vəziyyətdə Ermənistan ərazilərimizə göz dikmiş və işğla siyasətini həyata keçirməyə başlamışdı. Ərazi bütövlüyümüzün qorunması üçün nizami ordu və o ordunu idarə edə biləcək şəxslər yox idi. Bundan başqa hakimiyyətə gəlmiş şəxslər, nəinki ölkəıdaxili gərgin vəziyyəti düzəldə bilmir, hətta xaricdə də yarıtmaz siyasət həyata keçirirdi. Aparılan uğursuz siyasət və qəbul edilən qərarlar nəticəsində qonşu və digər dövlətlərlə münasibətlərə ziyan vurulmuş, vziyyət diplomatik böhran səviyyəsinə gəlib çatmışdı.

Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Belə bir vaxtda, xalqın təkidli tələbi ilə Ümumilli lider Heydər Əliyev Bakıya gəldi. Xalq öz nicatını, qurtuluşunu yalnız bir şəxsdə – Ulu öndərdə görürdü. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Xalq öz seçimində yanılmamışdı. Dahi liderin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin qarşısı alındı. Özbaşınalıq, xaosa son qoyuldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında dönüş yarandı, ordu quruculuğu istiqamətində işlər həyata keçirilməyə başladı. Beynəlxalq hüquq normaları və prinsiplərə uyğun olaraq, dövlət quruculuğu prosesi başladı. Milli Ordunun formalaşması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, təhlükəsizliyimizin təmin olunması üçün tədbirlər görüldü. 1994-cü ildə bütün siyasi və diplomatik vasitələrə əl atıldı və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ümumilli lider Heydər Əliyev ölkə daxilində nisbi sabitlik və beynəlxalq aləmdə Azərbaycana qarşı inamın yaranmasına nail oldu. Bu da öz növbəsində dövlətimiz üçün mühüm olan başqa bir tarixi hadisəyə səbəb oldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” uğurlu neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın daxili və xarici münasibətlərdə inkişafı üçün mühüm zəmin yaratdı. Daxili sabitlik və inkişaf xarici münasibətlərdə də özünü büruzə verməyə və Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynadı. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

Ulu öndər Heydər Əliyevin siyasi kursununun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı daha da irəlilərə, yüksəkliklərə qaldırdı. Heydər Əliyevin dövlətçilik ənənələri üzərində qurulan və daim inkişaf edən Azərbaycan dünyada öz mövqeyi və sözü ilə seçilən bir ölkəyə çevrilib.

Bəsti Nəsibova
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri