ABŞ-ın İrəvana Qarabağ zərbəsi

146

ABŞ tarixində ilk dəfə Konqresdə ermənilərə qarşı ən sərt qanun layihəsinin müzakirə olunması mühüm uğurdur. Bu qərar mahiyyət etibarilə erməni faşizminin işğalçılıq siyasətini bir daha təsdiqləmiş olur. Düzdür, bu qərardan sonra Ermənistan bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı diaspor təşkilatlarını qətnaməyə qarşı vahid düşərgədə çıxış etməyə çağırıb. Lakin bütün bu etiraz və çağırışların bir nəticəsi olacağını düşünmürəm. Qərarın artıq geridönüşü yoxdur.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Konqresinin Nümayəndələr Palatasının “Milli Müdafiə haqqında” qanun layihəsini şərh edərkən deyib. Politoloq bildirib ki, bu gün ABŞ-la Azərbaycan arasında ölkələrarası münasibətlər müsbət dinamikada inkişaf edir:

“Təsadüfi deyil ki, rəsmi Vaşinqton ötən il ölkəmizə hərbi yardım adı altında 120 milyon dollar vəsait ayırmışdı. Ermənistana ayrılan məbləğ isə bundan qatbaqat az idi. Bu vəziyyət, şübhəsiz, Ermənistanı narahat etməyə bilməzdi. Məhz bu səbəbdən rəsmi İrəvan ABŞ-dakı bütün təşkilat, diaspor və lobbi qurumlarına Azərbaycan əleyhinə qərarlar verməsi üçün Konqresə təzyiq etməyə çağırıb. Lakin hazırda ermənilərin əleyhinə Konqresdə belə bir qərarın verilməsi Azərbaycanın da ABŞ-da lobbi-diaspor fəaliyyətlərinin gücləndiyini göstərir”.

Politoloqun sözlərinə görə, erməni və Azərbaycan lobbiləri arasında ABŞ-da ciddi bir rəqabət gedir:

“Təqdim olunan qanun layihəsində Azərbaycandakı daxili köçkünlərin statusu məsələsinin qeyd olunması faktiki olaraq erməni işğalının bir daha gün üzünə çıxması deməkdir. Belə olmasaydı, ermənilər hazırda qanun layihəsinin qəbul edilməməsi üçün əl-ayağa düşməzdilər”.

Q.Hüseynli deyib ki, Konqresə təqdim olunan bu layihə mahiyyət etibarilə Rusiyanı hədəf alıb:

“Qərarın geniş müstəvidə təhlilini aparsaq, görərik ki, başlıca hədəf Rusiyadır. Qanun layihəsində Ukrayna, Gürcüstan, Moldovanın adının çəkilməsi hədəfin məhz Rusiya olduğunu bariz şəkildə göstərir. ABŞ faktiki olaraq Ermənistanın Dağlıq Qarabağı, Rusiyanın isə Krım, Osetiya və Abxaziyanı, Dnestryanını işğal etməsi faktını tanıyır. Amma burda bizimçün əsas olan milli maraqlarımızdır və şübhəsiz ki, bu qərar Azərbaycanın xeyrinədir və bizim uğurumuzdur”.