Azərbaycan QHT-ləri Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

180

Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı  törətdiyi hərbi cinayətlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

SosialMedia.az-ın məlumatına görə, müraciətdə qeyd edilib ki, bu ilin sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini artilleriya və raket atəşinə tutmaqda davam edir.

Bu gün Ermənistan beynəlxalq humanitar hüququn və hərbin bütün qaydalarını növbəti dəfə kobud şəkildə pozaraq,  bir daha öz acizliyini nümayiş etdirərək münaqişə zonasından uzaqda yerləşən  500 minlik əhalisi olan tarixi Gəncə şəhərini raket atəşinə tutub: “Nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanıb və tarixi abidələr dağıdılıb. Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbəsi endirən zaman  beynəlxalq konvensiyalarla qəti qadağan edilən kasetli bombalardan istifadə edib”.

Müraciətdə nəzərə çatdırılır ki, bu günə olan statistik məlumatlara görə Ermənistanın Azərbaycanın 10-dan çox rayon və şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində 23 mülki şəxs qətlə yetirilib və 76 nəfər yaralanıb, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub: “Ermənistanın mülki əhalini bilərəkdən hədəfə almaqda məqsədi müharibənin coğrafiyasını genişləndirmək, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayondan yayındırmaq və 3-cü ölkəni münaqişəyə cəlb etməkdən ibarətdir.

 Biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə  pozulduğunu bildiririk.

Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən yüzlərlə QHT adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə,  parlament üzvlərinə və hökumətlərə müraciət edir,  Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq. Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə, işğala və  təcavüz aktına, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyinə görə Ermənistanın indiyə kimi cəzasız qalması, bu gün onun daha təhlükəli və qəddar cinayət törətməsinə səbəb olur”.

Müraciətə 22 QHT imza atıb.