Həssas qruplardan olan insanlar üçün ödənişsiz hüquqi xidmətlər

302

SosialMedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda həssas qruplardan olan insanların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilir.

Ödənişsiz hüquqi xidmətlər Bakı şəhərində Resurs Mərkəzində göstərilir. Göstərilən xidmətlər əsasən sosial və iqtisadi hüquqlarla əlaqəli olan mülki və inzibati məsələləri əhatə edir. Göstərilən xidmətlərin növlərinə əsasən vətəndaşlara müvafiq hüquqi məsələlərlə bağlı şifahi və yazılı məsləhətlərin verilməsi, aidiyyəti qurumlara təqdim etmək üçün yazılı müraciətlərin, ərizələrin və arayışların hazırlanması, o cümlədən iddia ərizələrinin və məhkəmə işləri ilə bağlı digər sənədlərin hazırlanması və zəruri hallarda məhkəmələrdə təmsilçilik daxildir.

Həssas qruplardan olan şəxslər (aztəminatlı, işsiz, əlilliyi olan şəxslər, məcburi köçkünlər, yaşlılar, tənha analar, məişət zorakılığı qurbanları və ödənişsiz hüquqi xidmətə ehtiyacı olan digər şəxslər) ödənişsiz hüquqi xidmətlərdən yararlanmaq üçün Resurs Mərkəzinin hüquqşünaslarına aşağıdakı əlaqə məlumatı vasitəsilə müracitə edə bilərlər:

Əlaqə telefonu – +994 51 500 08 58 (zəng qəbul edildikdən sonra hüquqşünaslar özləri vətəndaşlara geri zəng edirlər);
Email ünvanı- merkez.rc@gmail.com