Avropa üçün Azərbaycanın əhəmiyyəti artır…

150

Pərviz Heydərov yazır…

Avropada qazın qiyməti bu il başlanandan bəri artır. Bu artım özünü demək olar, keçən hər ay üzrə nümayiş etdirib. Nəticədə rekord səviyyə əldə edilib. İl başlanandan 1000 kubmetr mavi yanacağın qiyməti 5 dəfədən çox bahalaşaraq hazırda 1100 ABŞ dollarından yuxarı təşkil edir.

İlk rekord səviyyə isə avqustun 30-u tarixində 600 ABŞ dolarını keçməklə əldə olunmuşdu.

Bahalaşmanın səbəbləri kifayət qədər məlumdur. Ehtiyatların tükənməsi (söhbət, istehlak üçün nəzərdə tutulan anbarlardakı hazır məhsuldan gedir), pandemiyadan sonra həyatın bütün sahələrində normal rejimin bərpa olması və hərəkətliliyin artması, ölkələrin iqtisadiyyatlarının ardıcıl olaraq “süni nəfəs aparatından” ayrılması, bütün növ iqtisadi fəaliyyətlərin “ölü nöqtədən” çıxması, sözün qısası, tələbatın spontan şəkildə artması və təklifin birdən-birə buna hazır olmaması sair, bura daxildir.

Lakin, bunlar “suyun üzərində” görünənlərdir. Əslində isə, Avropanın enerji böhranı ilə üzləşəcəyi hələ illər öncədən proqnozlaşdırılırdı. Və “Qoca qitə” nahaqdan qaz idxalı sarıdan diversifikasiya üçün çalışmır, ciddi cəhdlər göstərmirdi.

Ancaq təəssüf, adı çəkilən qitənin subyektiv siyasi yanaşmalarına görə deyim, yoxsa iqtisadi uzaqgörənliyinin olmaması ucbatındanmı sözügedən məsələ vaxtında həllini tapmadı. Buna dair fikrimin məğzi yazının sonunda aydın olacaq.

İndi qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı az qalsın, diz çökmə təhlükəsi altındadır.

Bəli, böhran artan dinamika üzrə inkişaf edir. Yaxın müddətdə isə onun daha da dərinləşəcəyi gözlənilir. Digər tərəfdən isə, neftin dünya bazar qiymətləri də yüksəlir.

Düzdür, bunda da vaksinləşdirmə prosesinin artıq, öz nəticələrini göstərməsi və buna müvafiq olaraq məhdudiyyətlərin aradan götürülməsi, iqtisadiyyatda bərpa proseslərinin getdikcə sürətlənməsi və sair kimi amillərin rolu var. Hansı ki, nəticə olaraq bayaq dediyim kimi tələbat artır. Söhbət, bütün sahələrdə olan tələbatdan gedir. Çünki, hasilat azaldılmışdı, istehsal dayanmışdı, xidmət məhdudlaşdırılmışdı və sair…

Odur ki, hazırda sürətlə artmaqda olan tələbatı təklif qarşılaya bilmir, yuxarıda dediyim kimi. Ancaq, ABŞ valyutasının bahalaşmasının və Avropadakı qaz böhranının da bunda təsir rolu vardır.

Sözüm bunda deyil. Bütün bu deyilənlər fonunda ölkəmizə gəldikdə isə, bizim üçün mövcud vəziyyət həm əlverişlidir, həm də müəyyən istiqamətlər üzrə qeyri-əlverişli…

Əlverişlidir ona görə ki neftin və qazın bahalaşması gəlirlərimizi artırır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib ki, hələ hasilatı azaltmış sayılırıq. Büdcədə neftin qiymətini isə 40 dollardan götürmüşük.

Dünya bazarlarında sözügedən rəqəm 80 dollar civarındadır. Bu isə o deməkdir ki, təkcə xam neftdən 200 faiz həddində gəlir götürürük.

Qeyri-əlverişlidir ona görə isə ki, xam neftin bahalaşması hər şeyin qiymətini yüksəldir. Ərzaq və digər məhsullar da bahalaşır ki, bu da bizə təsir edir və inflyasiya idxal edir – daxildə istehsalı zəiflədir, onun genişlənməsinin qarşısını alaraq boğur.

Bununla belə, Avropadakı qaz böhranı Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin nə qədər uzaqgörən bir layihə olduğunu, ölkəmizin onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin nə qədər səmərəli olduğunu bir daha sübuta yetirir.

Xatırladım ki, adı çəkilən layihə maliyyə baxımından uğursuz, ona çəkilən xərclər isə səmərəsiz hesab edilirdi. Eyni ilə Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı da söylənilənlər kimi…

Hansı ki, hər üç layihə ilk gündən özünü artıqlaması ilə doğrultmaqla yanaşı, bu gün özlərinin aid olduqları istiqamətlər üzrə çox mühüm və vacib əhəmiyyətli layihələr kimi qəbul olunmaqdadırlar. İndi də eyni nüans Cənub Qaz Dəhlizi üzrə özünü büruzə verir.

Yuxarıda qeyd etdiyimə bahəm, Avropa Birliyi (Aİ) bu layihəyə əgər vaxtında maliyyə dəstəyi göstərsəydi, indi qaz sarıdan bu qədər əziyyət çəkməzdi. Real vəziyyət bu mənada, Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırır.

Yeri gəlmişkən, oktyabrın başlanğıcına istehlak üçün anbarlardakı hazır qaz ehtiyatları cəmi 70 faiz təşkil edir. Söhbət, təbii ki, Aİ-dən gedir. Soyuqlar isə qapını kəsdirib…