İlham Əliyev Tərtər və Bərdədə

142

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.

Sosialmedia.az xəbər verir ki, dövlətimizin başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.

Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Dövlət başçısı çıxış edərək deyib:

– Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam.

Bir il bundan əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı kifayət qədər ensizdir, kifayət qədər məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır.

Sonra Prezident İlham Əliyev Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub.

Dövlətimizin başçısı dedi: Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaqdır. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar.

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Buranı özləri suvayıblar ki, alban-udi kilsəsi olduğu bilinməsin. Yəni, saxtakarlıq ediblər.

Prezident İlham Əliyev: Ancaq saxtakarlıq. Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar.

Daha sonra kənddəki rus-pravoslav kilsəsində olan Prezident İlham Əliyev dedi: Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.

Bu binalar isə onların hərbi hissəsi olub.

***

Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.

Prezident İlham Əliyev və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası ilə də tanış oldu.

Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Dövlətimizin başçısı stansiyaları işə saldı

Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Bərdə rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

***

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.

Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Əvvəlki ev haradadır?

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Əvvəlki ev buradadır. Oktyabrın 26-da şəhərin mərkəzinə atılan üç “Smerç” raketindən biri buraya düşmüşdü.

Prezident İlham Əliyev: “Smerç” düşmüşdü buraya?

Müstəqim Məmmədov: Bəli, “Smerç” düşmüşdü, yan-yana olan bu iki evi dağıtmışdı. Biri də oradadır.

Prezident İlham Əliyev: Əvvəlki ev budur?

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Burada yaşayıblar?

Müstəqim Məmmədov: Bəli. Kəlbəcər rayonunun Susuzluq kəndindən.

Prezident İlham Əliyev: Buraya mərmi düşəndə harada idiniz?

Sakin: Təxminən 15-20 dəqiqə əvvəl sığınacağa getmişdik.

Prezident İlham Əliyev: Ümumi 30 mindən çox mərmi düşüb, 16 mini Tərtərə.

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: İndi bərpa işləri necə gedir?

Müstəqim Məmmədov: Cənab Prezident, demək olar ki, 62 ev dağılmışdı. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq.

Prezident İlham Əliyev: Məndəki arayışda göstərilir ki, Tərtərdə bərpa olunan yaşayış fondunun 84 faizi artıq təmin edilib.

Müstəqim Məmmədov: Bəli, tamamilə təmin olunub.

Prezident İlham Əliyev: Yəni, bir il ərzində 84 faizi.

Müstəqim Məmmədov: 82 yaşayış binasının hamısı dam örtüyü ilə təmin olunub.

Prezident İlham Əliyev: Məktəblər necə? Burada 17 məktəb dağılıb.

Müstəqim Məmmədov: Bəli, 17 məktəb təmir olunub. Sizin Sərəncamınızla modul tipli bir məktəb tikilir, hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlayacağıq.

Prezident İlham Əliyev: Sonra sahibkarlıq obyektləri?

Müstəqim Məmmədov: 184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Möhtərəm Prezident, əmlakına dəyən ziyana görə Sizin Sərəncamınızla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib.
Prezident İlham Əliyev: Nə ilə dolanırsınız, nədir işiniz?

Sakin: Dolanışığımız tinkçiliklədir.

Müstəqim Məmmədov: Tingçilik, heyvandarlıq.

Prezident İlham Əliyev: Heyvandarlıq? Mal-qara saxlayırsınız?

Sakin: Bəli. Ürəyimiz elə Kəlbəcəri deyir, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Kəlbəcər kimi gözəl yer bəlkə də dünyada yoxdur.

Sakin: Bəli.

Prezident İlham Əliyev: Gəlin, burada şəkil çəkdirək.

Xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun.

Sonra Prezident İlham Əliyev Tərtər şəhərinin mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən rayona müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.

***

Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

Xüsusi qeyd olunmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı artırır. Bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi də əsas vəzifələrdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına müsbət təsir göstərir.