Minimum əməkhaqqının rolu və əhəmiyyəti artmalıdır…

276

Pərviz Heydərov yazır…

Artıq, məlum olduğu kimi, gələn il ölkədə minimum əmək haqqı səviyyəsi 300 manat təşkil edəcək. Yəni, 50 manat artırılacaq. Bununla da, Prezidentin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından sonra doğan “görəsən, maaş, pensiya və müavinətlər nə qədər artırılacaq” – sualına, müəyyən mənada cavab tapılıb.
Xatırladım ki, minimum əmək haqqı – iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir. Ölkə üzrə müqavilə əsasında bütün növ muzdlu əməyə görə əməkhaqları məhz buna əsasən ödənilir.

Minimum əmək haqqının artması iqtisadiyyatda hər iki sektor (həm dövlət, həm özəl) üzrə ödənilən aylıq əməkhaqlarının dəyişilməsinə, yəni yüksəlməsinə səbəb olur. Odur ki, gələn il 19 pilləlik Vahid Tarif Cədvəlinə əsasən, bütün maaşlar artacaq. Hər pillə üzrə müxtəlif səviyyədə…

Söhbət dövlət sektorundan gedir.

Düzünü deyim, bir iqtisadçı və bu sətirlərin müəllifi olaraq dövlət başçımızın məlum sərəncamına əsasən minimum əməkhaqqı səviyyəsinin növbəti ildə məhz 50 manat həddində artırılacağını gözləmirdim.
Ona görə ki, 2022-ci ildə hökumətin həm ölkənin təhlükəsizliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmləndirmək, həm də işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini davam etdirmək və sair baxımından xərcləri çoxdur.

Odur ki, bu, alqışlanmalı bir hadisə və addımdır.

Yeri gəlmişkən, indiyədək ara verməklə müxtəlif illərdə minimum əməkhaqqı səviyyəsi bir neçə dəfə artırılıb. Belə ki, məsələn, 2006-cı ilin oktyabrından 30 manat edilmişdisə, sonrakı illərdə mərhələli olaraq 11 dəfə artırılmaqla hazırda iki ildən çoxdur ki, 250 manat səviyyəsindədir.

Ümumiyyətlə, ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan son illər sırasında 2019-cu il xüsusən seçildi və yadda qaldı. Həmin ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı səviyyəsi 130 manatdan 250 manata qalxdı. Bu göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi də…

Yeri gəlmişkən, 2019-cu ildə həyata keçirilən minimum əməkhaqqı artımı dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min, ümumilikdə, 600 min insanın gəlir səviyyəsinə təsir etdi. Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının 1 milyon 534 min nəfərinin minimum əməkhaqqındakı dəyişiklik 40 faizi hissəsinin gəlirinin artmasına səbəb oldu.
Hazırda muzdla çalışan işçilərin sayının 1 milyon 684,9 min nəfər təşkil etdiyi bildirilir ki, onlardan 900 min 600 nəfər, yəni 53 faizi iqtisadiyyatın dövlət sektorunda, 784 min 300 nəfər, yəni bütün işçilərin 47 faizə qədəri isə özəl sektorda çalışır.

Demək, növbəti ildə minimum əməkhaqqı artımı təxminən 674 min nəfərin aylıq gəlirlərinə təsir edəcək. Çünki əmək müqavilələrinin bağlanmasına stimullaşdırıcı və həmçinin inzibati tədbirlərin gücləndirilməsi sayəsində ölkə üzrə muzdla çalışan işçilərin sayında artım var.

Sözüm bunda deyil. Toxunmaq istədiyim məsələ başqadır.

Minimum əməkhaqqı səviyyəsi yaşayış minimumdan yüksək olmaqla yanaşı, ölkə üzrə adambaşına düşən aylıq minimum istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını da təşkil etməlidir. Yeri gəlmişkən, müvafiq qanunlara əsasən, əslində hər şey məhz bu cür də təsbit edilib. Məsələn, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma sayılır ki, bu baxımdan, həm sosial yardımların, həm ehtiyac meyarının, həm də dolayısı ilə minimum əməkhaqqının formalaşmasına təsir edən əsas amillərdən biri istehlak səbəti sayılır və sayılmalıdır da.

Belə olan halda qanunvericiliyə əsasən, minimum istehlak səbətinə üç ildən bir baxılması hansı məntiqə əsasən nəzərdə tutulur?

Ölkədə sözügedən göstərici üzrə mexanizmin işlək xüsusiyyəti və təsiri artırılmalı, minimum əməkhaqqından heç bir sosial ayırma və vergi tutulmamasına nail olunmalı, ümumiyyətlə, minimal maaşın ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu ən önəmli və həlledici xüsusiyyət kəsb etməlidir.

Qaldı 2022-ci ildə minimal əməkhaqqının 50 manat artırılacağına, bunun inflyasiyaya və istehlak qiymətlərinin artımına təsirinə imkan verilməməlidir. Çünki bahalaşma davam edir və bunun daha da sürətlənməsinin qarşısı alınmalıdır…