Paşinyan kiminlə görüşüb? – Rəsmi xəbərdə saxtakarlıq

134

Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilir: “Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Şoferin İrəvana səfəri və burada Ararat Mirzoyan və Nikol Paşinyanla görüşməsinə münasibət bildirərkən qeyd edib.

“Endryu Şofer Minsk Qrupunda amerikalı həmsədr idi, lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, artıq həmsədr yox, “Qafqazda danışıqlar üzrə baş müşavir”dir.

Ermənistan tərəfinin Paşinyanla görüşdə Şoferi “Minsk Qrupunun amerikalı həmsədri” kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir.

Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsini istəyir”, – politoloq bildirib.

Onun fikrincə, ABŞ da artıq Minsk Qrupunun de-fakto “dəfn edildiyini” qəbul edir.