Sumqayıt şəhərində məişət zorakılığı mövzusunda təlim keçirildi

182

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində 20 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində “Ailədaxili zorakılığa qarşı hüquqi müdafiə tədbirləri” mövzusunda təlim keçirilmişdir.

Təlimi giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq layihənin məqsədi və mərami haqqında iştirakçılara geniş məlumat vermişdir.

Təlimdə təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü,vəkil və mediator Şəfa Camalzadə çıxış edərək iştirakçılara məişət zorakılığı nədir , bu sahəni nizamlayan qanunvericilik, bu sahədə şikayətlərə baxan qurumlar , ailədaxili zorakılığın səbəbləri və nəticələri haqqında geniş məlumat vermişdir.

Şəfa Camalzadə təlim zamanı həmçinin, qadınlara qarşı münasibətdə ayrı-seçkilik, digər hüquq və azadlıqlarının pozuntusu, qadın və uşaqlar üçün qorunma mərkəzləri, dövlət və qeyri-dövlət sığınacaqları, bu sahədə beynəlxalq təcrübələrdən geniş danışmışdır.

Təlim zamanı real kazuslardan istifadə edilərək iştirakçılar ilə maraqlı qrup məşğələləri keçirilmiş, ailədaxili zorakılıq mövzusunda qısametrajlı film nümayiş etdirilmişdir.

Təlimdə 33 nəfər olmaqla insan hüquqlarının müdafiəsi sahəsində çalışan qurumların nümayəndələri, praktik hüquqşunaslar, psixoloqlar, vəkillər iştirak etmişdirlər.

Təlimin qiymətləndirilməsi və qadın hüquqlarının pozuntusuna şərait yaradan amillərin öyrənilməsi barədə təlim iştirakçıları ilə sorğular keçirilmişdir.

Təlim zamanı iştirakçılar ilə mövzu ətrafında aktiv müzakirələr aparılmış və təlimin sonunda iştirakçılara sertifikat təqdim olunumuşdur.

Qeyd edək ki, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB və Sumqayıt şəhərində yeni fəaliyyətə başlamış Qadın Resurs Mərkəzi ilə sıx əməkdaşlıq edir. Təlimdə Resurs Mərkəzinin üzvləri və əməkdaşları da iştirak etmişdirlər.