“METAK” şirkəti Beynəlxalq müsabiqənin qalibi olub

236

Beynəlxalq “Deloitte” şirkəti tərəfindən MDB ölkələri arasında ilk dəfə olaraq “Best Managed Companies Azerbaijan 2022” müsabiqəsi elan olunub. Ölkəmizin yerli özəl şirkətləri arasında keçirilən bu müsabiqə müstəqil münsiflər tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə meyarlarına əsasən təyin olunub, əlavə olaraq hər şirkətin biznes nəticələri və dayanıqlı inkişafı dəyərləndirilib.

Bu meyarlar “Deloitte” şirkətinin 30 il ərzində keçirdiyi beynəlxalq müsabiqələrdən topladığı təcrübə əsasında müəyyənləşdirilib. “Best Managed Companies” layihəsi 40-dan artıq ölkədə uğurla həyata keçirilən müsabiqədir. Əsas məqsəd yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətlərin tanınmasıdır.

Müsabiqənin mərhələləri 4 ay ərzində tamamlanıb və 26 may tarixində Azərbaycanın 44 nüfuzlu özəl şirkətlərinin qatıldığı müsabiqədə üç qalib şirkət elan edilib, qaliblərdən biri də “METAK” şirkəti olub. Təqdimat mərasimdə mükafatı almaq üçün şirkətin icraçı direktoru Aydın Kərimov çıxış edərək şirkət adından münsiflər heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib və şirkətin 900 nəfərlik komandasını təbrik edib.

Ölkəmizin aparıcı şirkətlərindən biri olan “METAK” artıq 25 illik tarxində yüksək keyfiyyətli məhsulların istehsalı və müştəri məmnuniyyətini əsas götürərək fəaliyyətini uğurla davam etdirməkdədir.