“Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin növbəti tədbiri Xızı rayon Mərkəzi Xəstəxanasında keçirilib

173

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin növbəti tədbirini keçirib.

Layihəyə töhvə olaraq keçirilən tədbir 02 dekabr tarixində Xızı rayon Mərkəzi Xəstəxanasında vərəmin təsirinə məruz qalmış şəxslər və onların ailə üzvləri arasında keçirilib.

İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.

Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Samirə Muxtarova, texniki işçilər Zülfüqar Əbülhəsənov və Abbas Məmmədov iştirak ediblər.

İlk olaraq layihənin əməkdaşları Xızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahin Məmmədov ilə görüşüblər. Görüşdə Şahin doktor bu önəmli və vacib tədbirin keçirilməsinə görə əməkdaşlara təşəkkürünü bildirib, davamlı olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsinə və portativ rentgen aparatı ilə müayinələrin aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən təşkilatın sədr müavini, layihə rəhbəri Samirə Muxtarova təşkilatın fəaliyyəti haqqında məlumat verərək, görüşün önəmini iştirakçıların diqqətinə çatdırıb və layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə eyni zamanda Xızı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə, vərəm kabinetinin ftiziatrına və tibb işçilərinə minnətdarlığını bildirib.

Layihə rəhbəri Samirə Muxtarova iştirakçılara vərəm və digər yoluxucu xəstəliklər barəsində məlumat verərək, infeksion xəstəliklərin profilaktikası, müalicəsi barəsində və eyni zamanda erkən aşkarlanmanın əhəmiyyətindən danışıb.

İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıları maraqlandıran çox saylı suallar doktor Samirə Muxtarova tərəfindən cavablandırılıb.

İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət olunması üçün maskalar paylanıb.

Tədbirin ikinci hissəsində vərəm xəstələrinin və ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Qeyd edək ki, “FDR Xair”, portariv, süni intellekt üstünlüyünə malik, rəqəmsal rentgen aparatı “Sağlamlığa Xidmət” İB tərəfindən Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və STOP TB- nin konsultativ dəstəyi ilə Azərbaycana gətirilib.

Xızı rayonunda keçirilən tədbirdə ümumilikdə 40 nəfər şəxsin yolxucu xəstəliklər barədə məlumatlandırılması və vərəmin erkən aşkarlanmasına dəstək olaraq 37 nəfər şəxsin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.

Maarifləndirici məlumatların təqdim edilməsi və erkən aşkarlanmaya dəstək olaraq rentgen müayinəsinin təşkil olunması tədbir iştirakçılarının marağına səbəb olmuş və belə maarifləndirici tədbirlərin və müayinələrin davamlı olaraq təşkil olunmasını arzu etmişlər.

Qeyd edim ki, layihə çərçivəsində ilk tədbir 24-25 oktyabr tarixində Hacıqabul rayonunda, növbəti tədbir 14-16 noyabr tarixində Bərdə rayonunda, üçüncü tədbir 21-23 noyabr tarixində Ağdam rayonunda, layihəyə töhvə olaraq isə 2 noyabr tarixində Xızı rayonunda keçirilib.

“Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihə çərçivəsində ümumilikdə 250 nəfərə yaxın şəxsin məlumatlandırılması, 200- dən çox şəxsin (vərəmin təsirinə məruz qalmış şəxslərin və onların yaxın kontaktlarının) ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.