QHT sədri: Ermənistan Şuşa konfransında verilən mesajlardan doğru nəticə çıxarmalıdır- Özəl

201

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, eyni zamanda, regionun siyasi müstəvisində vacib tədbirlərə ev sahibliyi edən mərkəzə çevrilməkdədir. İşğaldan azad edildikdən sonra bir neçə mühüm siyasi görüşlərin keçirildiyi bu şəhərdə növbəti tədbir “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans oldu.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konfrans, eyni zamanda, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradıldığı və ABŞ-da sülh sazişi ilə bağlı görüşlərinin keçirildiyi tarixinə təsadüf edirdi. Qeyd olunan aspektləri nəzərə alsaq, Prezident İlham Əliyevin mövcud situasiya yönəlik açıqlamaları gözlənilən idi. Ermənistan Şuşa konfransında verilən mesajlardan doğru nəticə çıxarmalıdır.

Bu fikirləri Sosialmedia.az-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Prezidentin konfransda regionda davamlı sülhün yaradılması üçün çağırışları və xüsusən mövcud reallıqları diqqətə çatdırması Ermənistan rəhbərliyi, eyni zamanda, sülh sazişinin əldə olunmasına çalışan beynəlxalq aktorlar tərəfindən diqqətlə təhlil edilməlidir. Azərbaycan sülhün bərqərar olmasına töhfə verən fəaliyyətlərlə bağlı humanizm nümayiş etdirə bilər və dövlətimiz bu istiqamətdə hər zaman addımlar atıb.

“Konfransda dövlətimizin başçısı çox aydın ifadə etdi ki, sülhün olması üçün Ermənistanın da istəyi vacibdir. Sülhün əldə olunmasının vacibliyinə diqqət çəkən Prezident xüsusi qeyd etdi ki, sülh sazişi imzalanmasa “Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq”. Bəli, Azərbaycan müharibədən sonra nə qədər çətin olsa da Ermənistanla qonşuluq məsələsində yeni səhifə açmaq istəyir, yeni regional iqtisadi layihələrin icrasına başlamaq istəyir. Ötən 30 illik tarix göstərdi ki, Azərbaycanın 20 faiz ərazisini işğal edən dövrdə belə Ermənistan siyasi və iqtisadi uğura imza ata bilmədi, bütün regional layihələrdən kənarda qaldı.

Sülh olmayacaqsa, Azərbaycan bu siyasəti davam etdirmək məcburiyyətindədir. Ermənistan onu da anlamalıdır ki, bəzi dövlətlərin təhriki ilə sülh prosesini uzatmaqla imitasiya etmək, özünün onsuz da ağır olan sosial-iqtisadi vəziyyətini daha ağırlaşdıracaq”, – deyə Cəsarət Hüseynzadə qeyd edib.

İctimai Birliyin sədri deyib ki, Şuşa konfransında müxtəlif suallar ətrafında çıxışında Prezident İlham Əliyev Azərbaycanın ötən dövrdə əldə etdiyi uğurları, gələcək üçün planları və eyni zamanda postmüharibə dövrü üçün vizyonunu təqdim etdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olan Azərbaycan bu baxımdan da yeni siyasi imkanlar qazanıb. Azərbaycan bu imkanları regionda sülhün bərqərar olunmasına, regional iqtisadi inkişafın təmininə yönəltmək istəyir.