Rəfail Becanov: “Xarici agent statusu faktı varsa…”-Özəl

234

“Alınan qrant vətəndaş cəmiyyətinin inkişafı üçün nəzərdə tutulursa, bunu müsbət dəyərləndirmək mümkündür”

Bu fikirləri “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov Sosialmedia. az-a açıqlamasında bildirib:

“Yaxud qrant subyekti xarici agent statusuna salmırsa, buna normal baxmaq olar. Amma qrantın ayrılmasında xüsusi maraqlar varsa, bu təhlükəlidir. Bir çox hallarda bu qrantlar xüsusi məqsədlər üçün ayrılır və cəmiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyin korporativ məqsədlər üçün formalaşdırılmasına yönəlir. Bununla da qrantverənlə qrant alan arasında bir gizli sövdələşmə olur.

Qrant alan subyektin bu məsələdə həssas olmaq kimi bir mənəvi öhdəliyi var. Xarici agent statusu kimi istifadə faktı varsa, yaxud belə bir təklif təklifi olarsa, bundan dərhal imtina etməyi bacarmaq və müvafiq dövlət strukturlarına məlumat vermək lazımdır.

O zaman qrantverənlə bağlı məsələ nəzarətə götürüləcək. Çünki geniş şəbəkələşmə ilə həmin qrantverənlər öz maraqlarını həyata keçirmək məqsədi güdürlər. Bu isə dövlət və xalq olaraq bizim maraqlarımızın əleyhinə ola bilər.

Eyni zamanda xaricdən qrant alınarkən, şəffaflıq prinsipləri qorunmalıdır. Əfsus ki, bir sıra hallarda bu prinsiplər pozulur və qrant verən və alan subyektlər arasında dediyimiz kimi gizli sövdələşmə halları olur.

Ayrılan vəsaitlər müxtəlif yollarla Azərbaycana daşınır. Qrant alanlar isə xarici təsir agenti funksiyasında çıxış edirlər. Təbii ki, bu kimi hallar araşdırılmalıdır və həmin statusda çıxış edənlər qanun qarşısında cavab verməlidirlər. Kimliyindən asılı olmayaraq, bu formada təsir agentinə çevrilənlər cəzalandırılmalıdır.”