Miqrasiya Əməkdaşlıq Platforması seçkilərlə bağlı bəyanat yaydı-Özəl

244

Sosialmedia.az xəbər verir ki, Miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti üzvləri tərəfindən təsis edilmiş Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçici fəallığının artırılması məqsədi ilə “Mənim səsim” şüarı altında təbliğat və təşviqat kampaniyasına başlayır. Miqrasiya Əməkdaşlıq Platformasının Əlaqələndirmə Mərkəzindən verilən məlumata görə, bu barədə MƏP-ə üzv təşkilatların rəhbər şəxslərinin 5 yanvar 2024-ci il tarixli iclasında belə qərara gəlinib.

Qeyd olunan məqsədə nail olmaq üçün Miqrasiya Əməkdaşlıq Platforması Birləşmiş Millətlər Təşkilatının (BMT) “Bütün əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın miqrant ailələrindən olan Azərbaycan Respublikasının vətəndaşlarının hüquqlarının təmin olunması prinsiplərini və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq bəndlərini əldə rəhbər tutaraq, seçkilərdə iştirak etmək hüququna malik olan ölkə vətəndaşlarının seçki hüququna dair geniş maarifləndirilməsini həyata keçirəcək. Miqrant ailələrindən olan Azərbaycan Respublikasının vətəndaşları, son illər Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, beynəlxalq hüquq normalarına görə, miqrant qruplarına aid edilən keçmiş məcburi köçkünlər və ölkənin hüdudlarından kənarda yaşayan həmvətənlər bir neçə istiqamətdə keçiriləcək kampaniyanın hədəf qruplarını təşkil edəcək.

Miqrasiya Əməkdaşlıq Platformasının daxili resursları hesabına keçiriləcək maarifləndirmə kampaniyası prezident seçkilərinin əhəmiyyəti, seçki hüququnun təmin olunması, seçicilərin hüquq və vəzifələri, geniş əhali qrupları, o cümlədən hazırda xarici ölkələrdə yaşayan və səsvermə hüququna malik Azərbaycan vətəndaşları arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi, həmçinin digər aidiyyəti mövzuları əhatə edəcək.

Kampaniyanın informasiya təminatı Miqrasiya Əməkdaşlıq Platformasında təmsil olunan vətəndaş cəmiyyəti institutlarının informasiya resursları hesabına təmin ediləcək və onların sosial şəbəkə hesabları üzərindən həyata keçiriləcəkdir.