Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib-Özəl

241

Sosialmedia.az xəbər verir ki, Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. İclasda Paltformanın tərkibində fəaliyyət göstərən işçi qrupların gördüyü işlərin vəziyyətinə nəzər salınıb, cari ilin birinci yarısında icrası planlaşdırılan fəaliyyətlər müzakirə olunub və qarşıdan gələn Azərbaycan Respublikasının Prezidentinin seçkilərində seçici fəallığının artırılması məqsədi ilə “Mənim səsim” şüarı altında MƏP tərəfindən həyata keçiriləcək təbliğat və təşviqat kampaniyasının konturları müəyyən edilib.

İşçi qrupların işinin cari vəziyyəti müzakirə olunan zaman xüsusi ilə qeyd olunub ki, bu strukturların fəaliyyətlərinin effektiv şəkildə həyata keçirilməsi həmin qruplara üzv olan vətəndaş cəmiyyəti institutlarının fəallığından və onların aidiyyəti sahə üzrə ixtisaslaşmasından asılıdır. Bu səbəbdən növbəti aylarda əsas diqqət qrup üzvlərinin konkret meyarlar əsasında müəyyən edilməsi, həmin əsasda MƏP fəaliyyətlərinə cəlb olunması və onların daha çevik iş planı əsasında fəaliyyət göstərməsi məsələsinə yetirilməlidir.

İclasda 7 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ilə əlaqədar MƏP tərəfindən təşkil olunacaq “Mənim səsim” maarifləndirmə kampaniyası ətrafında aparılan müzakirələr zamanı qərara alınıb ki, bu kampaniya miqrant ailələrində olan Azərbaycan Respublikasının vətəndaşları, son illər Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, miqrant qruplarına aid edilən keçmiş məcburi köçkünlər və ölkənin hüdudlarından kənarda yaşayan həmvətənlər arasında keçirilməlidir. Hədəf qrupları arasında aparılacaq maarifləndirmə tədbirləri zamanı növbədənkənar prezident seçkilərinin əhəmiyyəti, seçki hüququnun təmin olunması, seçicilərin hüquq və vəzifələri və digər aidiyyəti məsələlərə nəzər salınacaqdır.

Müzakirələrin yekunu olaraq tədbirin sonunda MƏP tərəfindən “Mənim səsim” maarifləndirmə kampaniyasının başlanılmasına dair bəyanat qəbul olunub.

Xatırladaq ki, Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 18 oktyabr 2023-cü il tarixində miqrasiya və əlaqəli sahələrdə fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis edilmiş koalisiyadır.