Qərbin Azərbaycana qarşı qərəzi: Cənubi Qafqazda yaranan yeni reallıqlar-Özəl

5483

Sosialmedia.az xəbər verir ki, son zamanlar Qərbin Azərbaycana qarşı qərəzli mübarizəsi açıq fazaya keçib. Əvvəlki dönəmlərdə də Qərbin Azərbaycana münasibətdə ikili standartlar kontekstindən yanaşması halları müşahidə olunurdu. Bu, nisbətə gizli şəkildə həyata keçirildiyi üçün cəmiyyətin böyük bir kəsimi bundan xəbərsiz olurdu. Amma indi Qərb açıq şəkildə Azərbaycanı sanki hədəf seçib və müxtəlif platformalarda bunu açıq şəkildə görmək mümkündür.

Bəllidir ki, Azərbaycan bütün zamanlarda milli və dövlət maraqlarını ön planda tutub. Daxili və xarici siyasətdə atılan bütün addımlar məhz bu kontekstə-milli və dövlət maraqları nəzərə alınaraq atılır. Bu baxımdan hazırkı durumda Qərb Azərbaycanın bu maraqlardan imtina etməsini istəyir. Qərb Azərbaycana qarşı səlib yürüşünə başlamasının zamanı da təsadüfi seçilməyib. Məlumdur ki, 7 fevralda Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Belə bir məqamda Qərb daxildə də özünə dəstəkçi tapa bilib. Belə ki, Qərbyönümlü Azərbaycan müxalifəti konkret olaraq elə Qərb təşkilatlarının tezisləri yaymaqla məşğuldur.

Prezident seçkiləri öncəsi Qərbyönümlü Azərbaycan müxalifətinin Qərblə qarşılıqlı fəaliyyəti milli maraqlara cavab vermir. Qərbin Azərbaycana qarşı qərəzli mövqeyini müdafiə edən bəzi yerli siyasilər belə demək mümkündürsə, Azərbaycanın milli və dövlət maraqlarının əksinə çıxır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son qərarını-Azərbaycanı səsvermə hüququndan məhrum etməsinə dəstək verən siyasilər məhz bu milli və dövlət maraqlarının əksinə fəaliyyət göstərənlərdir.

Xatırlatma üçün qeyd edək ki, AŞPA deputatları 22 yanvarda keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Azərbaycanı ittiham edən qətnamənin qəbulundan sonra Azərbaycan AŞPA-dakı fəaliyyətini dondurmaqla bağlı bəyanat verdi. Belə ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bəyan etdi.
AŞPA-nın bu haqsız, qərəzli qərarı əslində bu qurumun mahiyyətini ortaya qoyur və Qərb təsisatlarının Azərbaycana qarşı tutduğu mövqeyinin göstəricisidir.
Qərbin bu münasibəti isə Azərbaycanı Cənubi Qafqaz ölkərinə daha da yaxınlaşdırır. Hazırda Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiya üçbucağı yaranıb və hazırda bu üç ölkənin birgə fəaliyyətinin ciddi müsbət nəticələr verir. Digər tərəfdən qarşılıqlı əməkdaşlıqlar milli maraqlar kontekstində davam etdirilir. Keçən dövr ərzində Azərbaycan Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb. Belə ki, 2022-ci ilin 22 fevral tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Eyni zamanda Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ildə 20 faiz artıb.

Azərbaycan Türkiyə münasibətləri isə strateji tərəfdaşlıq çərçivəsindədir. İki ölkə arasında Şuşa Bəyannaməsi kimi mühim bir sənəd imzalanıb ki, bu sənəd bütün sahələri-hərbi, siyasi, iqtisadi, sosial və digər bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı əks etdirir.
Türkiyə Rusiya münasibətləri də son dönəmlər ən yüksək səviyyəsinə çatıb. İki ölkə arasında iqtisadi, siyasi əlaqələrin inkişaf tempi sürətlə artır. Eyni zamanda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara da qoşulmayan Türkiyə hazırda bu münasibətlərdə qazanclı tərəfdir.

Ümumi olaraq Azərbaycan, Rusiya və Türkiyənin hazırki dönəmdə birgə əməkdaşlığının milli maraqlar çərçivəsində mümkünlüyü Cənubi Qafqazda yeni reallıqlar yaradır və Qərbin iştirakı olmadan gedən proses Qafqaz ölkələrinin maraqlarına cavab verir.