Narkotik savaşı: “Cəmiyyət qıraqda dayanıb, qurumlar məşğul deyil, hər şey polisin üstündədir”-Özəl

209

Xəbər verdiyimiz kimi, paytaxtın bir sıra ərazilərində divarlarda narkotikə təşviqedici şüarların yazılmasl ilə bağlı məlumat yayılıb.

Məlumata görə, divarlarda yazılan “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”dir. “24ks.cc” isə narkoşəbəkənin saytıdır, teleqram botuna bağlıdır. Bu ənənənin isə ölkəmizə Belarus və Rusiyadan gəldiyi bildirilir. Bundan əlavə, məlumatda qeyd edilir ki, bu yazılara görə həmin şəxslərə pul və ya narkotik vasitə verilir.

Sosialmedia.az-a açıqlamasında açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov deyib ki, onlayn narkotik satışı digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur:

“Yazı yazanlar özləri də narkoman ola bilər, pul müqabilində də yazıla bilər. Həmçinin, elə adam seçə bilərlər ki, həmin şəxs heç o yazının mənasını bilmir. Bu şəbəkənin buradakı nümayəndəsi bununla bağlı xahiş də edə bilər, pul müqabilində də etdirər. Bunun tam versiyasını polis biləcək. Əsas məsələ budur ki, qarşısını almaq üçün nə edək?”

O, belə halların qarşısını almaq üçün bütün cəmiyyətin birləşməli olduğunu söyləyib:

“Polisin, aidiyyəti qurumların səyi nəticəsində bunun qarşısı alınır. Bütün bu işlər güc strukturlarının, polisin üstündədir. Cəmiyyət qıraqda dayanıb, digər qurumlar bu işlə demək olar ki məşğul deyil və ya effektiv məşğul ola bilmir. Bununla qeyri-hökumət təşkilatları da məşğul olmalıdır. Amma, Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin narkotiklə bağlı səriştəli kadrı, təlimçisi yoxdur.

Elm və Təhsil Nazirliyinin regional təhsil idarələrində, məktəb psixoloqları arasında meyilli gənclərlə işləyə bilən kadr azdır. Hər şeyi güc strukturlarının üzərinə atıb oturmaq olmaz. Faktiki görürsünüz ki, bunu etdikdə nələr baş verir. Mütləq şəkildə cəmiyyət birləşib meyilli gənclərlə işləməlidir. Meyilli yeniyetmə və gənclərlə onların öz dilində danışmaq lazımdır.

Onların öz dilində danışanda onlar nəsə anlayır. Onların anladığı dildə izah bizim borcumuzdur. Onlara hər şeyi tibbi adlarla onlara anlatsaq, nə özünü, nə də fəsadlarını anlayacaqlar”.