“Qarabağ” istiqrazı: həm qazan, həm də… – Ekspert

160

Azərbaycanda “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması müsbət addımdır. Bu, həm vətəndaşlara əllərində olan maliyyə kapitalını artırmaq, həm də dövlətin quruculuq işlərində yaxından iştirak etmək imkanı yaradacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Azərbaycanda “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, istiqraz dövlətin verdiyi borc kağızıdır:

“Bu gün Azərbaycan əhalisinin 4 milyard dollar ekvivalentində banklarda əmanəti var. Azərbaycan hökumətində yeni bir mexanizmin tətbiqinə hazırlıq gedir. Nəzərə almaq lazımdır ki, qarşıda bizi işğaldan azad edilən torpaqlarımız başda olmaqla, bir çox yerlərdə quruculuq işləri gözləyir. Özü də bu quruculuq işləri 10 illik bir müddəti əhatə edəcək. Məhz bu quruculuq işləri üçün isə ciddi ölçüdə bir maliyyə kapitalı lazımdır. Dövlətimiz bu istiqamətdə əsaslı işlər görür. Müəyyən təkliflər irəli sürülüb. Quruculuq işləri üçün maliyyə kapitalı üç mənbədən cəlb ediləcək: dövlətin öz kapitalı; cəlb edilmiş kredit resursları; vətəndaşların şəxsi investisiyaları.

“Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması məhz bu üçüncü qrupla əlaqədardır. Dövlət çalışır ki, insanların əlində olan vəsaiti dövriyyəyə cəlb etsin”.

Ekspert bildirib ki, bəzən vətəndaşlar bunu yanlış anlayır. Yəni onlar ilk başda düşünür ki, dövlət əlində olan pulu ondan alır:

“Bu, qətiyyən belə deyil. Bəzi vətəndaşlarımızın 2016-cı ildən etibarən istiqrazlarla bağlı təcrübələri var. Bildiyiniz kimi, həmin ərəfədə ard-arda yaşanan devalvasiyalar ölkə büdcəsindən kifayət qədər xarici valyuta itkisinə səbəb oldu. Eyni zamanda vətəndaşların da banklara inamı ciddi ölçüdə sarsıldı.

Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR Kapital” adlı şirkət yaratdı və bazara 100 milyon dollar investisiya nəql etdi. İllik 5 faiz qarantla SOCAR istiqrazları təqdim etdi. İnsanların bir çoxu bu istiqrazlara soyuq baxdı, lakin SOCAR istiqrazları ilə xeyli insan kifayət qədər gəlir əldə edə bildi. Bu mənada düşünürəm, hazırda “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması da müsbət bir addımdır və uğurlu olacağını hesab edirəm. Bu yolla həm vətəndaşlar düzgün iqtisadi yatırımla gəlir əldə edə, həm də dövlətə quruculuq işlərində yardım edə bilər”.