Bu yürüş dünyanı heyran qoydu – Politoloq

158

Ölkə Prezidenti Azərbaycanın möhtəşəm qələbəsinin ildönümü münasibətilə xalqa müraciət etdi, eyni zamanda Anadolu Agentliyinə geniş müsahibə verdi. Bu müraciət və müsahibəsində Azərbaycanın 44 günlük Vətən Müharibəsinin bütün mərhələlərini, məqamlarını, eləcə də müharibənin başlanmasına səbəb olan Ermənistan təxribatlarını ətraflı şəkildə izah etdi.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Anadolu Agentliyinə verdiyi müsahibə barədə şərh edərkən deyib.

“Prezident bildirdi ki, məsələnin sülh yolu ilə həll olunmasına çox cəhd etdik. Lakin Ermənistan məsələnin sülh yolu ilə həllinə qeyri-konstruktiv yanaşdı. Nəticə etibarilə, bizim qarşımızda BMT-nin qəbul etdiyi 4 qətnaməni hərbi güc yolu ilə həll etmək məcburiyyəti qaldı. Doğrudur, biz bunun nə vaxt olacağını tam müəyyən etməmişdik. Lakin həm təmas xəttində, həm Ermənistanla sərhəddə ermənilərin müxtəlif təxribatları, erməni siyasi rəhbərliyinin davakar ritorikası ilə, ən əsası da sentyabrın 26-dan 27-nə keçən gecə ermənilərin əsgərlərimizin və müki əhalinin mövqeyinə müxtəlif növlü silahlardan atəş açması ilə əlaqədar olaraq bütün təmas xətti boyunca hücum əmri verildi. Ordumuz əks-hücum əməliyyatına ciddi hazırlaşmışdı. Düşməni yanıltmaq üçün müxtəlif variantlardan istifadə etdik. Düşmən zənn edirdi ki, biz zərbəni Tərtər istiqamətindən endirəcəyik. Lakin əsas zərbəni Füzuli istiqamətində müəyyənləşdirdik. Araz boyu rayonların işğaldan azad edilməsi xəttini seçdik. Bu məsələdə bizim apardığımız əməliyyatlar uğurla nəticələndi”, – politoloq bildirib.

Qabil Hüseynli qeyd edib ki, düşmənə ağır zərbələr endirilməsində həm dronlarımız, PUA-larımız, xüsusilə Türkiyədən aldığımız “Bayraqdar” PUA-ları önəmli rol oynadı:

“Cənab Prezident bildirdi ki, Türkiyə ən başdan Azərbaycanın mövqeyini dəstəkləyir, həmişə Azərbaycanın arxasındadır. Bu, çox böyük mənəvi-siyasi dəstək idi. Türkiyənin bu mövqeyi həm də Ermənistana yardım göstərmək, Ermənistan tərəfindən müharibəyə qarışmaq istəyən güclərin də qarşısını aldı”.

Politoloq 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən möhtəşəm yürüşün xalqın mübarizə əzminin göstəricisi olduğunu vurğulayıb:

“Prezident müsahibəsində Ordumuzun əsgərlərinin rəşadətlə döyüşməsindən, Azərbaycan xalqının və Ordusunun onun arxasında olmasından və ətrafında sıx birləşməsindən danışdı. Bu, bizim qələbə çalmağımızda böyük rol oynadı. Anım yürüşü çox möhtəşəm idi. Bütün dünyanı heyran qoydu. Xalqımızın intellektual səviyyəsini, birliyini, öz torpaqlarının bütövlüyünü görmək əzmini bir daha ortaya qoydu. Bu yürüşü izləyərkən çox qürur hissi keçirdim. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin yaradılması Azərbaycan Prezidentinin və xalqımızın müharibədə qazandığı böyük zəfərə verilən layiqli qiymət idi. Bu onu göstərdi ki, xalqımız bundan sonra da bütün məsələlərin yoluna qoyulmasında Prezidentin ətrafında sıx birləşəcək”.