AP qətnaməsi: Bakını güclü görmək istəmirlər

200

Qərb tarix boyunca ikiüzlü davranıb və bizdən maşa kimi istifadə etməyə çalışıb. Eyni zamanda bizim həmişə onlardan asılı olmağımız üçün əllərindən gələni ediblər. Qərb hər zaman ölkəmizin istehsalçı yox, istehlakçı olmasını istəyib. İkili standartlar onların ənənəvi siyasətidir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Qərb ölkələrinin “Bayraqdar TB2”-lərlə bağlı haqsız siyasətini Axar.az-a şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Türkiyəni qınayanlar onun güclənməsini həzm edə bilmir:

“Son beş ildə ölkəmizin ABŞ-dan aldığı silah və sursat, digər hərbi ləvazimatların miqdarı 60% azalıb. Qərbin ondan tank, top, hər hansı bir HHM sistemi almayan ölkələrdən xoşu gəlmir. Çünki sözügedən bu və digər texnikalara, döyüş təyyarələrinə, helikopterlərə yerləşdirdikləri mikroçiplər və koordinatlar vasitəsilə istədikləri anda texnikanın, təyyarə və helikopterlərin hərəkətinə əngəl olurlar. Yaxud da sənin əlində olan hərbi texnikalar həmin mikroçiplərə görə lazımi anda qarşındakını hədəf kimi qəbul etmir”.

General Türkiyə və Azərbaycanın hər zaman bütün dünyada müharibələrə qarşı olduğunu, sülh üçün çalışdığını, ancaq hazırda Ukrayna məsələsində olduğu kimi, Qərbin Qarabağ, Suriya və digər təhlükəsizlik məsələlərində aktiv davranmadığını bildirib:

“Biz heç bir yerdə müharibənin olmasını istəmirik. Lakin 28 il boyunca Qarabağda qan axarkən səsini çıxartmayanlar məsələ Ukrayna, Polşa, Rumıniya olanda hərəkətə keçdilər. Bəs Qarabağdakılar, Mosul və Kərkükdəkilər, Suriyadakılar, Afrikadakılar insan deyilmi? Beynimizin işləməsindən, bir şey istehsal edə bilməyimizdən, Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə və Azərbaycanın əməkdaşlığından, sərgilədiyimiz möhkəm qardaşlıqdan, dik duruşumuzdan, əldə etdiyimiz uğurlardan və qələbələrdən narahatlıq duyurlar. Öz ayaqlarımız üzərində durmağa başladığımızı gördükləri anda bizi daxili və xarici problemlərlə məşğul etməyə çalışırlar. Türkiyə əgər son 40 ildə terrora, indi isə Şərqi Aralıq dənizində süni şəkildə ortaya çıxarılan problemlərə, Qara dənizdə müharibə riski məsələsinə, Azərbaycan isə son 28 ildə enerjisini Qarabağ probleminin həllinə həsr etməsəydi, yəni sözügedən problemlər süni şəkildə qarşımıza çıxarılmasaydı, hazırda dövlətlərimiz dünyanın daha güclü dövlətləri sırasında idi. Xalqlarımızı, dövlətlərimizi kukla kimi oynatmaq üçün güclənməyimizi istəmirlər. Qurulan bütün oyunlar bu məqsədə xidmət edir”

Karauz Türkiyənin silahlı və silahsız PUA, eyni zamanda digər hərbi texnoloji vasitələrin istehsalında artıq ilk üçlükdə olduğunu və güclənməyimizi istəməyənlərin Türkiyənin gücünün həm də Azərbaycanın gücü olduğunu bildiklərini vurğulayıb:

“Əvvəllər ən xırda ehtiyacını belə ABŞ-dan, Avropadan aldığı məhsullarla qarşılayan Türkiyə hazırda PUA istehsalı sahəsində dünyanın ilk üç ölkəsindən biridir. İndi Türkiyə silahlı və silahsız PUA-sını istehsal edən, milli pilotsuz döyüş təyyarəsini buraxmağa hazırlaşan, öz tankını, topunu, silah və sursatını, gəmisini və silahlı insansız dəniz donanmasını düzəldən ölkəyə çevrilib. Türkiyənin də bütün gücü Azərbaycanın gücüdür. Bunu da bilən regional və qlobal aktorlar inkişafımızı istəmir və qarşımıza müxtəlif əngəllər çıxardırlar. Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycanı qınayan qətnamə qəbul etməsi də qeyd etdiyimiz məqsədə xidmət edir. 28 il boyunca Qarabağda insanlığın, mədəniyyətimizin, təbiətimizin qətlinə, soyqırımına göz yumanlar indi Azərbaycan öz haqqını alandan sonra onu qınayır. Verdiyimiz ən yaxın örnək belə ikili standartların bariz nümunəsidir”.