Sovet ölkələrinin dünyaya hədiyyəsi: Faşizm üzərində qələbə-Özəl

4483

Sosialmedia.az xəbər verir ki, 9 may tarixi keçmiş Sovet ölkələrinin hamısında qələbə günü olaraq qeyd olunur. Böyük Vətən Müharibəsi adı ilə tarixə düşən 4 illik müharibə (1941-1945) Sovet İttifaqının qələbəsi ilə başa çatıb.

Tarixə nəzər salsaq, II Dünya Müharibəsi dövründə SSRİ-nin tərkibində Rusiya, Belarus, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan yer alırdı. Bu baxımdan Böyük Vətən Müharibəsində əldə olunan qələbədə bu 11 dövlətin hər birinin payı var.

Onu da xatırladaq ki, İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva, Moldova, Estoniya və Latviyanı da qatdı. O cümlədən Avropaya doğru genişlənən SSRİ sərhədləri Almaniyanın bir hissəsini, daha dəqiq desək, keçmiş Köniqsberq əyalətini də öz sərhədlərinə qatmışdı.
Ümumiyyətlə, SSRİ-nin əldə etdiyi qələbə təkcə Almaniya və ya onun müttəfiqlərinə üzərində olmadı. Bu qələbə daha çox ümumdünya faşizmlə mübarizə çərçivəsində əldə olunan ən böyük zəfərlərdən biri hesab olunur.

Həmin illərdə Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına alırdı. Bütünlükdə faşizmin inkişafı sürətlə genişlənirdi. Onun inkişaf dalğasının ən yüksək dövrü 1933-cü ildə onun Almaniyada hakimiyyət başına gəlməsindən sonra başladı. Faşizm və ya nasionalsosializm Avropada bir hərəkat kimi qalib gəldi. Avropa ölkələrinin yarıdan çoxuna yayılan faşizm artıq hakim siyasi qüvvəyə çevrilirdi.

İtaliyada Mussolininin və Almaniyada Hitlerin başçılığı ilə faşist diktaturalarının yaradılması faşizm hərəkatında yeni rejimin yaranması demək idi. Faşist rejimi İkinci Dünya Müharibəsindən sonra da mövcud idi.
Amma Sovet İttifaqı ölkələrinin II Dünya Müharibəsində qazandığı qələbə faşizm ideologiyasının sürətli inkişafının qarşısını aldı. Bu isə bütün dünya üçün böyük hədiyyə hesab olunur.

Faşizmdən hər zaman əziyyət çəkən ölkələrdən olan Azərbaycanın da bu qələbədə böyük payı danılmazdır.
Təsədüfi deyil ki, müharibə dövründə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərdi.

Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yarıldı. 1941–1945-ci illərdə 700 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Onların təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları Azərbaycan tarixinə yeni səhifələr yazdırıb.

Eyni zamanda Azərbaycanın neftinin də II Dünya Müharibəsinin taleyində həlledici rol oynadığı danılmazdır. Xatırladaq ki, 1941-ci ildə 23,5 milyon ton neft istehsal edən Azərbaycan SSRİ tarixində bir rekorda imza atıb. Qeyd edək ki, bu, həm də SSRİ də çıxarılan bütün neftin 71.4 faizini təşkil edirdi.

Bütün bunlar keçmiş Sovet İttifaqı ölkələrinin faşizm üzərində qələbəsinin bugünkü dünyaya verdiyi tövhədir. Əgər o dövrdə hadisələrin inkişafı fərqli məcrada getsəydi, bu gün yaşadığımız dünyada faşizm hökm sürərdi və bu da dünyanı böyük təhlükələrlə üz-üzə qoyardı.