Səhiyyə Nazirliyi: Oktay Gülalıyevin əməliyyatı başa çatıb – YENİLƏNİB-1

144

“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin əməliyyatı bitib”.

SosialMedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, O.Gülalıyev hələlik əməliyyat blokundadır.

“Yaxın dəqiqələrdə o, reanimasiya şöbəsinə düşürüləcək”, – deyə məlumatda bildirilir.

***

13:01

“Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib”.

Bu barədə SosialMedia.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

***

11:58

Səhiyyə Nazirliyi dünən gecə avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, hüquq müdafiəçisi Oktay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib: “Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. O. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Qeyd edək ki, ötən gün axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub.