Azərbaycanda uşaqlarını sığınacağa vermək istəyən anaların sayı artıb – Sədrdən həyacan təbili

178

Karantin rejimi tətbiq olunan ölkələrin əksəriyyətində qadına qarşı şiddət çoxalıb. BMT-nin baş katibinin yazdığı məqalədə də son zamanlar qadınların şiddətə məruz qalma hallarının çoxaldığı qeyd olunub.

Statistikaya görə, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığı 20%, Kiprdə 30%, Braziliyada 50% artıb. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər ölkələrdə izolyasiya tədbirlərinin ailə daxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır.

Mövzu ilə bağlı SosialMedia.az-a  danışan Azərbaycan Uşaqlar Biliyinin sədri Kəmalə Ağadə ölkədə hazırkı durumda məişət zorakılığı ilə əlaqədar müraciətlərin azaldığını deyib:

“Hazırda mənə ən çox ailələrin maddi durumunun çətin olması ilə bağlı mesajlar və zənglər gəlir. İndi şiddətlə və ya digər oxşar əməllərlə bağlı çox az şikayət olur. Hətta əgər karantindən əvvəl 15-20 şikayət alırdımsa, indi 2-3 müraciət olur. Həm özümün, həm mətbuatda gördüklərimdən, həm də Daxili İşlər Nazirliyinin məlumatlarından eşitdiyimə görə şiddətin azaldığını deyə bilərəm”.

Həmsöhbətimiz bundan fərqli olaraq, uşaqlarını sığınacağa yerləşdirmək istəyən anaların çoxaldığını dilə gətirib:

“İndi ən çox tək anaların uşqlarını sığınacağımıza yerləşdirmək istəyi ilə bağlı müraciətlər çoxalıb. Ancaq həm karantinlə bağlı, həm də hüquq-mühafizə orqanlarının araşdırması olmadan həmin uşaqları qəbul edə bilmirik. Tək anaların müraciətlərinin bir neçə səbəbləri var. Məsələn, əgər aliment vaxtında verilmir və ya azdır, ana hansısa regiondandır və gəlib burada kirayə qalır. Hnasısa muzdlu işdə çalışır və aldığı 300-400 manat pul ilə kirayə haqqını ödəyə bilməyəcək, uşağın qidasını təmin etməyə gücü çatmayacaq. Amma əgər uşaq sığınacaqda qalarsa o, daha rahat işlərini görə bilər. Dəfələrlə özümüz 6-8 aylıq uşağı olan analara təklif etmişik ki, gəl bir neçə ay sığınacaqda qal. Uşaq biraz böyüsün sonra gedib iş taparsan, biz də kömək edərik. Ancaq onlar bizimlə razı olmayıb ki, yox mən işləmək istəmirəm. Demək burada sərbəstlik, azadlıq kimi başqa məsələlər də olur”.