“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişin imzalanmasının gecikməsinin səbəbi aviasiya sektoru və aviasiya sənayesinin dövlət mülkiyyətində olması ilə bağlıdır”.
Bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli bu gün Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransından sonra keçirilən mətbuat konfransında SosialMedia.az- ın sualına cavab olaraq deyib.
O bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar Aİ və Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində aparılan işlər müvəqqəti dayandırılıb: “Təəssüf ki, böhran bu sahədə işləri dayandırdı, lakin əlbəttə biz tezliklə bu məsələ ilə bağlı fəaliyyətimizə davam edəcəyik”.
- Varheyli qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv digər ölkələrlə də viza sadələşdirilməsi ilə bağlı Aİ-nin şərtləri aydındır və əgər ölkələrdən biri bununla bağlı müraciət edərsə, ittifaq bununla məşğul olacaq: “Viza sadələşdirilməsinə və ya digər ölkələrlə də sərhədlərin açılmasına gəlincə isə düşünürəm ki, bizim şərtlərimiz aydındır. Əgər bizə bu cür təkliflə müraciət edilsə, əlbəttə biz bununla məşğul olacağıq”.