Azərbaycanda bu şəxslərə mənzil verildi

193

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq COVİD-19 yayılmasından öncə mənşə ölkəsinə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşlarına ayrılan reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşəmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər.

Sosialmedia.az bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən Axar.az-a verilən məlumata görə, may ayı ərzində bu sahələr üzrə statistik rəqəmlər cari ilin əvvəlində olan göstəricilərə çatdırılıb.

Belə ki, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanmışdır) və 12 virtual görüş (26 nəfər faydalanmışdır) keçirmiş və 31 qeyri-nağd yardımı (55 nəfər faydalanmışdır) çatdırıblar. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilib.

Cari ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı köməklik göstərilib.

Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir. Təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.