QHT sədri-Müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyevin rolu

264

SosialMedia.az// Dünyada çox millətlər var. Amma onların nə dövlətçilik ənənəsi nə də ordusu mövcuddur. Müstəqilliyi və ordusu olmayan millətlər isə başqalarına boyun əyməyə məhkumdular.

1993-cu ilin iyun ayları idi. Azərbaycanda çətin bir durum yaşanırdı. Ermənilər torpaqlarımızı işğal etməyə addım-addım yaxınlaşırdılar. Daxildə isə sanki ölkənin ağır durumunu görmürdülər. Vətəndaş qarşıdurması vardı. 1993-cü ildə xalq çarəsiz idi. Ağıllı insanlar vəziyyətin fərqində idilər.Gözlər Naxçıvana dikilmişdi. Dəfələrlə müraciətlər olunurdu. Nəhayət xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı.

Heydər Əliyevin ilk işi isə Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarmaq, ordunu siyasi oyunlardan kənarlaşdırmaq oldu. Çətinliklər çox idi. Lakin 70-ci illərdə Heydər Əliyevin xaricdə oxumağa göndərdiyi hərbçi kadrlar vətənin bu ağır günündə onun çağırışı ilə Azərbaycana döndülər.

1993-cü ilin 2 noyabrı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına tarixi müraciət etdi. 27 il əvvəlin o taleyüklü müraciət ərəfəsində Azərbaycanda hərbi siyasi şərait son dərəcə kəskinləşmişdi. Ermənistan silahlı qüvvələrinin öz havadarları ilə ölkəmizin ərazilərində apardığı işğalçılıq hücumları xeyli genişlənmişdi. Belə şəraitdə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciət etdi və xalqı bu təcavüzə qarşı səfərbər olmağa çağırdı.

O, bildirirdi ki, ölkənin xarici siyasətinin hansı səviyyədə qurulmasından asılı olmayaraq Azərbaycan xalqı güclü silahlı qüvvələrin təşkilinə nail olmalı və respublikanın ərazi bütövlüyünə etibarlı təminat yaratmalıdır.
Tarixi xilaskarlıq missiyasına böyük məsuliyyətlə yanaşan ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun böhranlı vəziyyətə düşməsini konkret faktlarla açıb göstərirdi. Belə bir vəziyyətin milli və dövlət maraqlarına cavab vermədiyini vurğulayırdı.

Dövlət rəhbərinin qənaəti belə idi ki, qarşılarına qoyduqları məqsəddən asılı olmayaraq respublikanın işğal olunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi bütün siyasi qüvvələri birləşdirən ümumi vəzifə olmalıdır: “Mən Prezident kimi Azərbaycan Respublikasında dünyabaxışından asılı olmayaraq bütün qüvvələri əl-ələ verib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa dəvət edirəm. İndi Azərbaycan üçün bir amal, bir məqsəd var. Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü, müdafiəsini təşkil etmək”.

Dövlət rəhbəri hələ heç də hər şeyin itirilməsi fikri ilə razılaşmırdı və yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının gücü və imkanları olduğunu inamla vurğulayırdı: “Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır.”

Ulu öndər Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün ilk növbədə xalqa müraciət edirdi, xalqı səfərbər olmağa çağırırdı. Respublika rəhbəri qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, onun mövcud olub-olmayacağı xalqın öz əlindədir və düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azərbaycanlılardan başqa, kimsə azad etməyəcəkdir: “Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur”.

Prezident xalqa müraciətində bütün ictimaiyyəti, ilk növbədə isə işğal olunmuş rayonların əhalisini bu ruhda kökləməyə, praktiki fəaliyyət göstərməyə çağıırırdı. Onun fikrincə, Laçının, Şuşanın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın hörmətli və nüfuzlu şəxsləri öz qüvvələrini toplayaraq yerli gənclərin orduya səfərbər olunmasında dövlət orqanları ilə daha yaxından əməkdaşlıq etməli, səfərbərlik işində buraxılmış nöqsanları aradan qaldırmaqda, müdafiə qüvvələrini möhkəmləndirməkdə kömək etməli idilər.

Ölkənin ağır vəziyyətdən çıxarılmasında, xalqın mübariz əhval-ruhiyyəyə köklənməsində Heydər Əliyev ziyalıların da üzərinə məsuliyyətli vəzifələr düşdüyünü qeyd edirdi. Dövlət rəhbəri əminliyini bildirirdi ki, xalqın potensialının reallaşdırılmasında, onun döyüşgənlik və qəhrəmanlıq ənənələrinin özünə qaytarılmasında respublika ziyalıları məqsədyönlü iş görə bilərlər: “Doğrudan da Azərbaycan xalqının potensialı, həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Bu sahədə ziyalılarımız daha fəal çalışmalıdırlar”.

Bu müraciət həm də hərbi quruculuğu sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan proqram sənədinə çevrildi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordunun unkişafında müstəsna rol oynadı.

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı