Bakının Qarabağla bağlı əvvəlki təklifləri bitdi

142

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədi ilə Azərbaycan tərəfi bu günə qədər qarşı tərəfə kifayət qədər çox güzəşt edib. Lakin bu gün cəbhədə davam edən erməni təxribatları və Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatları danışıqlar prosesinin bundan sonrakı predmetini əsaslı surətdə dəyişəcək.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin dünənki çıxışından da aydın olur ki, Azərbaycanı bundan sonra danışıqlar masasına qaytarmaq heç də asan olmayacaq:

“Azərbaycan tərəfi hər zaman münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olub. Hətta bu istiqamətdə Ermənistan tərəfinə işğal edilmiş torpaqlar qaytarılacağı təqdirdə Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi, eyni zamanda burada yaşayan erməni əsilli vətəndaşların azərbaycanlılar ilə eyni hüquqlara sahib olacağını da bildirmişdir.

Lakin artıq mövcud şərtlər daxilində bu güzəştlərdən söhbət belə gedə bilməz.

İşğal olunmuş torpaqların bundan sonra geri qaytarılması rəsmi sənədlər ilə qrafik formasında təsdiq olmalıdır. Bu qrafikdə işğal edilmiş torpaqların konkret geri qaytarılma zamanı, ardıcıllığı aydın şəkildə göstərilməlidir. Təbii ki, bundan əlavə, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazi bütövlüyü olduğunu qeyri-şərtsiz qəbul etməlidir”.