İrəvandakı ABŞ səfiri ölkəsinin mövqeyinə hörmət etmir

153

İrəvandakı ABŞ səfirinin Zəngəzura səfəri zamanı Qarabağın statusu haqqında açıqlama verməsi təkcə beynəxalq hüquq baxımından yox, o cümlədən Amerikanın daxili siyasəti nöqteyi-nəzərindən qanunaziddir.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib. O, bununla səfir Lin Treysinin öz ölkəsinin qanunlarını şübhə altına aldığını qeyd edib:

“Hər hansı bir subyektin statusunun olması üçün onun müəyyən coğrafi sərhədləri olmalıdır. 44 günlük müharibə zamanı isə Azərbaycan nəinki ətraf yeddi rayonu azad edə bildi, həmçinin Qarabağın dağlıq hissəsində yerləşən Şuşa və Hadrut üzərinə də nəzarəti bərpa etdi”.

Ekspert bunun ABŞ-ın müttəfiqlərinin, NATO-nun, Avropa Birliyinin rəsmi mövqeyinə qarşı bir hörmətsizlik olduğunu vurğuladı:

“Ordumuzun azad etdiyi Şuşaya təşkil edilən səfərlərdə Xorvatiya, Bolqarıstan, İtaliya, Latviya, Macarıstan, Niderland, Polşa, Yunanıstan, Belçika, Estoniya, Litva kimi eyni anda həm NATO, həm də AB ölkələri, NATO üzvü olmayan, amma Avropa İttifaqı üzvü olan Avstriya və İsveç, o cümlədən NATO üzvü olan, AB üzvü olmayan Türkiyənin diplomat və jurnalistləri olub. Diplomatların bu səfərləri azad edilmiş ərazilərin Azərbaycana məxsus olmasının tanınması və Dağlıq Qarabağ münaqişəsinin artıq geridə qaldığının göstəricisidir. ABŞ səfirinin mövcud olmayan ərazi vahidinin statusu haqqında danışması onun NATO və AB-yə, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirməsi deməkdir”.

E.Məcidov ABŞ-ın 907-ci düzəlişi donduraraq, Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün addımlar atdığı bir vaxtda Lin Treysinin məsuliyyətsiz açıqlamalarının başadüşülən olmadığını vurğulayıb:

“Lin Treysi Dövlət Departamentinin bəyanatlarına istinad etsə də, Azadlığın müdafiə aktına 907-ci düzəlişin ABŞ-Azərbaycan münasibətlərinin əsas çərçivələrindən biri olduğunu unutmaq olmaz. Bu düzəliş Co Bayden tərəfindən bu ilin 23 aprelində, yəni ermənilərin qondarma soyqırımı günündən bir gün qabaq yenidən dondurulub. Başqa sözlə desək, ABŞ prezidenti iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mane olan əsas əngəli aradan qaldırmağa çalışsa da, Ermənistandakı səfirin bu münasibətlərin zəifləməsinə və pozulmasına səbəb olacaq addımlar atması heç bir məntiqə sığmır”.