Xanlar Vəliyev itkin düşən hərbçilərdən danışdı

154

2020-ci ildə Vətən müharibəsində bir sıra hallarda müəyyən qeydə almalar düzgün şəkildə icra olunmamışdı. Bu səbəbdən İkinci Qarabağ müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi Prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çox saylı işlər aparılıb.

Sosialmedia.az xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini, Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qism şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də prosesə cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyən edərək yaxınlarına təhvil verə bilək”, – X.Vəliyev əlavə edib.