“Rəqəmsal İnsansızlaşdırma Konfransı” keçirilir- Özəl

60

Sosialmedia.az xəbər verir ki, 21-22 fevral 2023-cü il tarixlərdə San-Xose (Kosta Rika) şəhərində “Rəqəmsal İnsansızlaşdırma Konfransı” keçirilir. Bu sayca 4-cü qlobal konfrans olmaqla ölümcül təsirli tam avtonom silah sistemləri əleyhinə olan “Qatil robotları dayandırın” adlı nüfuzlu təşkilat tərəfindən təşkil edilmişdir. Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verən silah növü kimi yaradılmaqdadır və bu bəşəriyyət üçün ekzistensial təhlükədir.

Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.

Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökumətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşğul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir. Artıq bir neçə ildir ki, BMT-nin Adi Silahlar Konvensiyası çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Burada qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və fəlakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tətbiq edilir.

28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxmışdır. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olmuşlar. Rəyi soruşulanların 66% -i bu silahların “mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən” ən çox narahat olduqlarını bildirmişlər.

Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir. Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökumətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.

Hafiz Səfixanov
Minalar Əleyhinə Azərbaycan Kampaniyası
ictimai birliyinin sədri