Bir çoxları vərəm olduqlarını gizlədir – Koalisiya sədrindən AÇIQLAMA- Özəl

414

Sosialmedia.az xəbər verir ki, Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlının sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl də, sonra da vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir.

Bu mövzuya sosial media hesabında toxunan E.Muxtarlı deyib ki, xəstəliklə mübarizədə səylərimizi birləşdirərək birgə mübarizə aparmaq məqsədilə hər il 24 Mart Dünya Vərəmlə Mübarizə günü kimi qeyd olunur: “Dünyada olan vərəm xəstələrinin 87 faizini 30 ölkə təşkil edir. Hindistan, Nigeriya, Banqladeş, Cənubi Afrika, Filippin kimi ölkələrin olduğu bu siyahıda təəssüf ki, Azərbaycanın adı da çəkilir.

Vərəmin müalicəsi var və tam sağala bilən xəstəlikdir. Buna rəğmən vərəmdən hər dəqiqədə ən azı 2 nəfər dünyasını dəyişir.
Vərəmdən Azərbaycanda bugünə kimi (2022 ilə istinadən) 52 nəfər ölüb. Vərəm Bərdə və ətraf rayonlarda pandemiya vəziyyətindədir. Çox təəssüf ki, bir çoxları vərəm olduqlarını gizlədir. İctimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə daha tez yoluxma baş verə bilir. Vərəmə qarşı ciddi tədbir görülməzsə, o, COVİD-dən daha təhlükəli səviyyəyə gəlib çata bilər. Biz, vətəndaş cəmiyyəti, dövlətimizlə birgə vərəmlə mübarizə işini gücləndirəcəyik. Vərəm xəstəliyinin artmasının qarşısını almaq üçün QHT-lərə daha geniş imkanlar yaradılmalıdır. QHT-lər, ictimai vəkil kimi yeri gəldikdə hətta təmənnasız vətəndaşa qayğı göstərir və onun haqq və hüquqlarını canıyananlıqla müdafiə edir.