QHT nümayəndələrinin Naxçıvan səfəri – Səfər təəssüratlar-Özəlı

160

Sosialmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı sərəncamla 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Sərəncamda vurğulanıb ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Yubileyin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra tədbirlər, konfranslar keçirilir.

Bu məqsədlə bir neçə gün əvvəl vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Heydər Əliyevin həyatının böyük hissəsini həsr etdiyi Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində 250 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi Naxçıvan şəhəri ilə tanış olub, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfransda iştirak edib.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Agentlik tərəfindən il ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə səfər təəssüratlarını “525”ə bölüşüb: “Bildiyimiz kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilib. Bu istiqamətdə müxtəlif tədbirlər icrasına start verilib. “Heydər Əliyev İli” çərçivəsində ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının 250 nəfər nümayəndəsinin Naxçıvan Muxtar Respublikasına səfərinin təşkil olunması əlbəttə ki, əlamətdar hadisədir. Əvvəlcə onu qeyd edim ki, səfərdə bütün vətəndaş cəmiyyəti institutları – həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteran təşkilatları geniş formatda təmsil olunurdu. Bir günlük olmasına baxmayaraq, əhatəli səfər proqramı tərtib olunmuşdu. Səfərin yüksək səviyyədə keçirilməsi üçün Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və digər qurumlar birgə uğurlu iş ərsəyə gətirmişdilər.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olduq. Muzeyin eksponatlarını canlı görmək hər birimiz üçün maraqlı idi. Sözsüz ki, səfərin ana xəttini “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans təşkil edirdi”.

C.Hüseynzadə hesab edir ki, konfrans 3 istiqamət üzrə maraqlı çıxışlarla yadda qaldı:

“İlk istiqaməti Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğundakı rolu, bu istiqamətdə həyata keçirilən vacib fəaliyyəti təşkil edirdi. Ümummilli liderin Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan yeni instituta münasibəti, bu ideyaların qanunvericilikdə əks olunmasında və praktikada yeni münasibətlər sistemin formalaşmasında müsbət təsiri vurğulandı. Çıxışçıların ikinci istiqamət üzrə fikirlərində Heydər Əliyev tərəfindən dəstəklənən və konstitusion hüquq əldə edən vətəndaş cəmiyyəti ideyalarının Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək Azərbaycan dövləti modelində tətbiqi və dövlətin bu instituta tərəfdaş kimi münasibəti ön plana çəkildi.

Üçüncüsü, müasir dövrün çağırışlarına uyğun olaraq QHT-lərin mövqeyinin daha da gücləndirilməsi zərurəti diqqətə çatdırıldı. Müxtəlif sahələrdə vətəndaş cəmiyyətinin rolunun artırılması və beynəlxalq platformalarda təmsilçiliyin yüksəldilməsi ilə bağlı müasir çağırışlara uyğun fəaliyyətlərin həyata keçirilməsi vacibliyi vurğulandı. Hər 3 istiqamətdə dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən maraqlı fikirlər səsləndirildi. Eyni zamanda, QHT nümayəndələri çıxışlarında Naxçıvanda idarəetmə sistemində aparılan islahatlar fonunda bu bölgədə vətəndaş cəmiyyətinin inkişafının stimullaşdırılmasının vacibliyini önə çəkdilər”.

C.Hüseynzadə vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatlarının birgə səfərinin təşkili eyni zamanda, QHT-lərin şəbəkələşməsinə, əməkdaşlıq şəraitində fəaliyyətinə də mühüm töhfə verir. Dövlətin ən ali strukturlarının QHT-lərə bu formada diqqətinin göstərilməsi kiçik məmurlar səviyyəsində QHT-lərə yaradılan maneələrin də arandan qaldırmasına kömək edir.