Bakının içməli su problemi yaranıb – Azərsudan etiraf -ÖZƏL

131

Bakının bir sıra ərazilərində içməli su təminatı ilə bağlı problemlər var. Xüsusilə Nərimanov, Suraxanı və bir çox rayonlarda saat 11:00-dan 19:00-dək ümumiyyətlə su kəsilir. Su yalnız fasilələrlə və günün müəyyən hissəsində qrafiklə verilir. Buna səbəb Bakını içməli su ilə təmin edən mənbələrdə problemin yaranmasıdır.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı içməli suya həsrət qalan abonentlər şikayətlənib.

Dediklərinə görə problemlə bağlı “Azərsu” ASC-nin “Qaynar xətti” ndən onlara “su ehtiyatımız yoxdur” deyə cavab verilir. Demək ki, mənbələrdə su ehtiyatları tükənib.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı qeyd edib ki, “Taxtakörpü-Ceyranbatan” su anbarında ehtiyatlar azalıb:

“Əhaliyə su Oğuz-Qəbələ -Bakı su kəməri ilə verilir. Su anbarları ehtiyatlarını toplamaq üçün bəzi ərazilərdə gündüz və ya gecə saatlarında suyu dayandırırıq. Suraxanı və Xətai istiqamətinə su anbarlarından gecə saat 23:00-dan sonra çıxışı azaldırıq və səhər tezdən güclü nasosları qoşub insanlara su veririk. Məsələn, Günəşli qəsəbəsinin “D” massivi 24 saat su alırdı, indi günorta saatlarında həmin ərazidə suyu dayandırırıq. Tənzimlənən ərazilərimiz var”, – deyə qurum rəsmisi qeyd edib.