DİN yoxsa DTX? – Səlahiyyət hansı quruma verilməlidir?

433

DTX və DİN arasında kibercinayətkarlıqla bağlı səalhiyyətlər konkretləşməlidir.

SosilMedia.az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kibercinayətkarlıqla mübarizə üzrə səlahiyyətlərin hansı quruma məxsus olmasına aydınlıq gətirib.

O. Gündüz hesab edir ki, ən ciddi problem bu sahədə səlahiyyətlərin bölgüsü ilə bağlıdır:

“2009-cu ildən Azərbaycan “Kibercinayətkarlıq haqqında” Avropa Şurasının Konvensiyasına qoşulub. Ötən müddət ərzində bir sıra işlər görülüb. Elə cari ilin əvvəlində Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri kordinasiya etmək üçün Dövlət Komissisyası yaradılıb. Burada Kibercinayətkarlıqla bağlı da məqamlar yer alıb. Amma düşünürəm ki, bu sahədə xeyli problemlər yığılıb qalıb. Bizdə kibercinayətkarlıq sahəsində 2 dövlət qurumu səlahiyyətlidir: DİN və DTX. Lakin səlahiyyətlərin bölgüsü indiyədək problem olaraq qalır. Milli internet resurslara hücumlar, telekommunikasiya və enerji şəbəkələrinə qarşı hücumlar, profil və ya şifrə oğurluğu, bank kartları ilə olan cinayətlər, fərdi məlumatların oğurluğu, dövlət resurslarına hücumlar, dövlət resurslarından məlumat oğurluğu, sosial media hesablarının və səhifələrin oğurluğu və s. bütün bu kimi cinayətlərlə bağlı vətəndaşın və ya qurumun müraciət edəcəyi yer bilinməlidir. Hazırda bizdə situasiya elədir ki adı çəkilən qurumlardan hansının konkret hansı sahə üzrə məsul olduğu bilinmir”.

O. Gündüz vurğulayıb ki, yalnız milli təhlükəsizlik yönümlü kibercinayətlər DTX-yə verilməlidir:

“Qalan bütün kiber sahələrdə olan cinayətkatkarlıqla mübarizə DİN-ə tapşırılmalıdır. Bütün bölgələrdə, rayon-şəhər polis şöbələrində kibercinayətkarlıqla mübarizə strukturu formalaşdırılmalı, kadrlar hazırlanmalı, bununla bağlı qanunvericiliyə təkliflər təqdim olunmalıdır”.

O. Gündüz Azərbaycanda kibercinayətkarlıq üzrə əsas qurumun, baş idarənin harada olmasına da diqqət çəkib:

“Sahə ilə əlaqəli tendensiyanı izləyəndə, beynəlxalq tədbirlərdə iştirak edəndə bu sahədə görüləcək işlərin çox olduğu nəzərə çarpır. Xatırlayıram ki, vaxtilə DİN-də Kibercinayıtkarlıqla bağlı Baş İdarə yaradılmış və dərhal da ləğv edilmişdi. Sonradan bu iş MTN-də davam etdirilirdi. DTX zamanı isə, bu sahədə hər hansı irəliləyiş hiss olunmadı”.

O. Gündüz bildirib ki, qarşıdan 5G dövrü gəlir:

“Bu o deməkdir ki, ətrafımızdakı hər şey, bütün əşya və avadanlıqlar, məişət avadanlıqları, maşın və mexanizmlər, gözlə gördüyümüz və görmədiyimiz nə varsa hamısı internetə qoşulacaq. Təbii ki, müdaxilələr, ətrafımızdakı bütün avadanlıqlardan cinayət məqsədi ilə istifadələr artacaq, cəmiyyət və dövlətlər üçün təhlükələr artacaq. Təsəvvür edin ki, kimsə WIFI üzərindən kiminsə soyuducusuna və ya qaz sobasına müdaxilə edib, zərər yetirəcək. Ancaq bizim hüquq-mühafizə orqanlarının buna qarşı mübarizəyə, bunu aşkara çıxarmağa hazır olub-olmaması məlum deyil”.

O. Gündüz qeyd edib ki, məxsusi olaraq da balaca dövlətlər üçün daha ciddi təhlükələr olacaq:

“Azərbaycan üçün də kibercinayətkarlıq və infromasiya təhlükəsiziliyi sahəsində təhlükələrin artacağını proqnozlaşdırmaq olar. Ona görə də, hər iki qurumda hazırda bu istiqamətdə ciddi işlər görülməli, səlahiyyətlər konkretləşməli, kadrlar hazırlanmalı, Konvensiyadan irəli gələn müddəalar bizim qanunvericilikdə öz əksini tapmalıdır”.