MM-in komitələrinin birgə iclasında koronavirusla bağlı qanunun qəbuluna ehtiyac olub-olmadığı müzakirə ediləcək – YENİLƏNİB

162

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycanda koronavirusla bağlı vəziyyət müzakirə ediləcək.

SosialMedia.azın əldə etdiyi məlumata görə, dinləmə formatında keçiriləcək müzakirələr bazar ertəsi baş tutacaq.

İclasda Səhiyyə Nazirliyi və digər müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak edəcək.

Koronavirusla bağlı indiyə kimi görülən işlər, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq, müvafiq qurumların bu sahədə gördüyü işlər nəzərdən keçiriləcək.

İclasda koronavirusla bağlı qanun layihəsinin qəbul edilməsinə ehtiyac olub-olmadığı da müzakirə olunacaq.

***

13 mart saat 20.05

Milli Məclisin komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.

SosialMedia.azın məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçiriləcək iclasının gündəliyinə salınıb.  

İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.