“Novruz” bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi

451

SosialMedia.az xəbər verir ki, “Novruz” bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi.

Əziz həmvətənlər!

Sizi sevimli Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram.

Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Bahar gəlişini təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən Bahar bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın indiki nəsillərə ərməğanı olan Bahar adət-ənənələrinin günümüzədək yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir güşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər. Ümidvaram ki, milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəkdir.
Hər birinizə bahar təravətli bayram əhval-ruhiyyəsi arzu edirəm.

Bahar Bayramınız mübarək olsun!